“Lex”i keçəcəyimizə inamım böyükdür”
11.07.2012 - 12:00
“Lex”i keçəcəyimizə inamım böyükdür”
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytının Tallinə ezam olunmuş əməkdaşına müsahibəsi

- Vətəndəki qələbə sevinci ilə səfərdə qalib gəlmək arasında hansı fərq var?
- Oyundan sonra çox sevindik. Elə indi də sevincliyik, Vətənə qayıtmışıq. Azarkeşlərimizi, “Xəzər Lənkəran”ı sevənlərin hamısını təbrik edirəm. Bir şeyi də deyim ki, biz Lənkərandakı oyunda da qələbə qazanmalıydıq, ancaq bəzi insanlar buna kölgə salmaq istəyirdilər. Onlar həqiqətən də bizim sözümüzə inanmırdılar. İndi gördülər ki, “Xəzər Lənkəran” evdə də güclü oynamışdı. Sadəcə həmin vaxt şansımız gətirməmişdi, bəxt bizdən üz döndərmişdi. Ancaq cavab matçında komandamız yaxşı oynayaraq, 2:0 hesabı ilə qalib gəldi. Onu deyim ki, “Xəzər Lənkəran” ikinci matçda da rəqibindən həqiqətən üstün oynadı. Əslində birinci oyun bundan da yaxşı idi, onda komandamız ilk 10 dəqiqədə yaxşı oynasa da, növbəti 15 dəqiqədə özünə gələ bilmədi. Mən də görüşdən sonra futbolçulardan bunun səbəbini soruşdum. Onlar dedilər ki, nəfəs almaq nəsə çətin idi. Buna görə də həmin 20 dəqiqəni zəif çıxış etdik. Ancaq bundan sonra özlərinə gəldilər.

- Qələbədən sonra sizi təbrik edənlər çox oldu. Onlar arasında ailə üzvləriniz var idimi?
- Əlbəttə, ilk olaraq, həyat yoldaşım, qızlarım zəng edərək təbrik etdilər. Onlar qələbəyə çox sevinirdilər.

- Siz avrokuboklarda 2 müxtəlif klubla mərhələ keçən məşqçisiz...
- Bəli, 2006/2007 mövsümündə “Karvan”la UEFA kubokunda mərhələ adlamışdım. İndi də “Xəzər Lənkəran”la Avroliqada mərhələ adladım. İnşallah, ardı gəlsin.

- Növbəti mərhələdə Polşanın “Lex” klubu ilə görüşəcəyiniz gözlənilir. Hər halda, onlar “Nomme Kalyu” deyil...
- Bəli, elədir. “Lex” yaxşı, tanınmış komandadır. O, avrokuboklarda Azərbaycan klubları, hətta “Xəzər Lənkəran”la oynayıb. Bu matçların videoyazısını əldə edib, yaxşı təhlil edəcəyik. Həmin məğlubiyyətlərdən nəticə çıxarıb, mərhələ keçməyə çalışacağaq. Özü də “Lex”i mübarizədən kənarlaşdıracağımıza inamım böyükdür. Mən öncədən də demişdim ki, Estoniya klubun keçsək, polşalılara da qalib gələcəyik. Buna həqiqətən böyük inam bəsləyirəm. Biz “Lex”i keçə bilərik.

- Bu qələbə ona görə tarixi oldu ki, “Xəzər Lənkəran” avrokubokda ilk qələbəsini qazanaraq, ilk dəfə mərhələ keçdi. Sizcə buna Lənkəranda nail olmaq daha yaxşı olardımı?
- Əlbəttə, bu uğuru Lənkəranda qazansaydıq, daha yaxşı olardı. Açığı, azarkeşlərimiz ilk matçda 2:2 hesabından sonra pis olmuşdular. Fikirləşirdilər ki, “Xəzər Lənkəran” yenə evdə qalib gələ bilmədi. Eşitdiyimə görə Lənkərandakı azarkeşlərimiz bu qələbəyə görə çox seviniblər, matçı internetlə izləyiblər.

- İkinci təsnifat mərhələsinə kimi yeni futbolçu transferi mümkündürmü?
- Ola bilər ki, həmin mərhələnin ilk oyununa qədər yeni transfer reallaşdırdıq. Hətta nəinki futbolçu, futbolçuların gəlməsi mümkündür. Bunun sayı 2-3 də ola bilər. İnşallah, gözləyirik.

- Onların Lənkərandakı ilk matçda iştirak edə bilərlərmi?
- Bəli, bizə hazır futbolçular gəlməlidirlər.

- Yəqin ki, hücum xəttini gücləndirəcəklər...
- İnşallah, hər bir mövqeyimizə hazır oyunçular gələ bilərlər.

- Hələ Avstriya toplanışınızda belə bir söhbət vardı ki, mərhələ keçsəz, qurban kəsəcəksiz...
- Bəli, inşallah bunu edəcəm. Lənkəranda qurban kəsəcəm.