“Xəzər Lənkəran” üçün dispetçer
12.07.2012 - 11:14
“Xəzər Lənkəran” üçün dispetçer
“Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimi avstriyalı Robert Şorgenhofer olacaq. Apasport.az saytının məlumatına görə, 39 yaşlı ədalət təmsilçisi zəngin karyeraya malikdir.

Belə ki, avstriyalı artıq 18 yaşından hakimliyə başlayıb. Bu, onun yeniyetmə futbolçu üçün xroniki zədələrə meylli olması üzündən gerçəkləşib. 2 il futbolçu ola-ola uşaqların oyunlarına təyinat alan referi 1993-cü ildə iki yoldan birini seçib.

Avstriyanın yüksək liqasına təyinat almaq üçün isə daha 11 il lazım olub. 2004/05 mövsümündə Şorgenhofer ən güclülərin turnirində debüt edib. 2007-ci ilə qədər yalnız milli dərəcə daşımasına baxmayaraq, 2 dəfə qonşu İsveçrədə iş başında olub. Ona bu ölkənin Superliqa matçlarında legioner hakim kimi iştirak etmək həvalə edilib.

2007-ci ildə Ditmar Drabekin əvəzinə adı FİFA-ya göndərilən Şorgenhofer həmin vaxtdan bir sıra mötəbər turnirlərə də dəvət olunub. Dünya və Avropa çempionatlarının seçmə oyunları, avrokubokların təsnifat mərhələlərində də fit çalan avstriyalı 2010-cu ildə Çempionlar Liqasında debüt edib. O, İngiltərə “Çelsi”si ilə Slovakiya “Jilina”sının matçında ədaləti qoyub.

Bundan başqa, Misir çempionatının “Əl-Əhli” – “Zamalek” derbisi də Şorgenhoferə tapşırılıb. Ötən il isə U-21-lərin Avropa, U-20-lərin dünya çempionatının final mərhələsində fit çalıb.

İyulun 19-da Lənkərandakı matçda fit çalacaq referinin ixtisası isə dəmiryolçudur. O, Avstriya federal dəmir yolları idarəsinin əməkdaşıdır. Şorgenhofer Baş elektron idarəetmə mərkəzində qatarların hərəkətlərinin tənzimlənməsinə məsul olan dispetçerdir.