Aqil Məmmədov: Belə şeylərə qulaq assam, gərək futbolu atım
12.07.2012 - 12:36
Aqil Məmmədov: Belə şeylərə qulaq assam, gərək futbolu atım
“Bu gün qələbə qazanacağımıza ümid edirəm”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun qapıçısı Aqil Məmmədov deyib.
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Mura” ilə Bakıda keçirilən oyunda paytaxtın eyniadlı təmsilçisinin qapısını qoruyan Məmmədov inamlı oyunu ilə yadda qalmışdı. Cavab matçında da “çərçivə”ni qoruyacaq qolkiper rəqibdən üstün olduqlarını, qələbəni məhz rəqibin meydanında bayram edəcəklərini vurğulayıb: “Rəqibdən bütün komponentlərdə üstünük. Həm oyun, həm heyət, həm klubun büdcəsi baxımından onları çox qabaqlayırıq. Bu üstünlüyümüzü nəticə ilə sübut edəcəyik”.

İlk matçdan öncə əksəriyyət qolkiperin təcrübəsiz olduğunu ön plana çəkirdi. Hətta onun qapıda dayanmasını riskli addım kimi dəyərləndirənlər də yox deyildi. Amma Məmmədov bununla razılaşmır: “Bunlar hamısı boş şeylərdir. Danışmağa söz tapmırlar, ona görə də bu cür fikirlər ortaya atırlar. Belə şeylərə qulaq assam, gərək futbolu atım”.

Oyuna tam hazır olduğunu əlavə edən qolkiper oyunu ilə bu cür düşünənlərə cavab verəcəyini deyib: “Komanda şəklində özümüzə əminik. Özümə gəldikdə, oyuna tam hazıram. İnşallah, qələbə qazanacağıq”.