“Ən böyük çətinliyimiz komandada oyun praktikasının olmamasıdır”
12.07.2012 - 17:29
“Ən böyük çətinliyimiz komandada oyun praktikasının olmamasıdır”
“Hazırlıq normal şəkildə davam edir. Komanda Bernhard Raabın rəhbərliyi altında gündə 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq keçirik. Şükürlər olsun ki, heyətdə zədəli futbolçumuz yoxdur. Yalnız, Taner Taktakda kiçik problem var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Samir Abasov deyib.

Klubun rəsmi saytına açıqlama verən kapitan komandasının hazırlıq planı barəsində danışıb: “Bu problem də sabahdan etibarən komandaya qoşulacaq. Ən böyük çətinliyimiz komandada oyun praktikasının olmamasıdır. Bildiyiniz kimi, komandanın əksər üzvləri yeni futbolçulardır. Bu səbəbdən daha çox yoxlama oyunu keçirməliyik. Əksər klublarımız ölkə xaricində hazırlıq keçir. Burada sparrinq rəqib tapmaqda çətinlik çəkirik. Amma klubun rəhbərliyi bu problemi həll etmək üzrədir. Tez bir zamanda “Sumqayıt” təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə yollanacaq”.

Samir komandanın yeni transferləri barəsində də fikirlərini açıqlayaraq heyətə cəlb olunan təcrübəli futbolçuların faydalı olacağını bildirib: “Sumqayıt” gənclərdən qurulmuş kollektivdir. Heyətdə yer alan gənclərimiz artıq bir mövsüm Premyer Liqada oynadı. Orxan Əliyev, Murad Ağayev, Slavik Alxasov kimi gənc futbolçuları artıq çempionata tam hazır saymaq olar. Bundan başqa, klubun rəhbərliyi Ceyhun Sultanov, Aftandil Hacıyev, Sabir Allahquliyev kimi təcrübəli və Azərbaycan futbolunda öz sözünü demiş futbolçuları komandaya dəvət edib. Onlar “Sumqayıt” üçün önəmli simalara çevriləcək. Yeni gələnlər uyğunlaşma problemi yaşamadılar. Əvəzedicilərdən gələn futbolçular da məşqlərdə özlərini yaxşı tərəfdən göstərə bilirlər. Artıq baş məşqçi Bernhard Raabın işi də nisbətən yüngülləşib. Hazır futbolçularla işləmək almaniyalı məşqçi üçün daha rahatdır”.

Abasov mövsümün startına qədər komandanın tam hazır olacağını düşünür: “Premyer Liqa kimi uzun marafonda çıxış ediriksə, hər mövqedə ən azı iki futbolçumuz olmalıdır. Artıq heyətin böyük hissəsi hazırdır. Bir müdafiəçi və bir yarımmüdafiəçiyə ehtiyacımız var. Rəhbərlik hazırda bu məsələ ilə bağlı çalışmalarını davam etdirir. İnşallah mövsümün startına qədər komanda tam hazır vəziyyətə gələcək”.