Yenə qolsuz heç-heçə, yenə 0:2
13.07.2012 - 01:07
Yenə qolsuz heç-heçə, yenə 0:2
“Bakı” üçün avrokuboklarda ilk oyunda evdə qolsuz bərabərlik yenə sonda onun üçün uğursuz nəticə olub. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” 2009-cu ildə Çempionlar Liqasının III təsnufat mərhələsində Bolqarıstanın “Levski” ilə öz meydanında 0:0 hesablı bərabərlikdən sonra səfər matçında uduzaraq, dueldən məğlub ayrılmışdı.

Maraqlıdır ki, Sofiyadakı oyunda olduğu kimi, Sloveniyanın “Mura” klubu ilə onun meydanında təkrar matç da bakılıların 0:2 hesablı məğlubiyyəti ilə nəticələndi. Fərq ondadır ki, 3 il öncə makedoniyalı Qyoko Hacşyevskinin çalışdırdığı komanda ÇL-dəki uğursuzluqdan sonra mübarizəni Avroliqada davam etdirmək hüququ qazanmışdı. Ancaq Novruz Əzimovun baş məşqçisi olduğu komanda belə imkana malik olmayaraq, səfərdəki nəticə ilə avrokuboklarda çıxışını başa vurdu.

Qeyd edək ki, “Bakı” bundan öncə qitə miqyaslı turnirdə - 2010-cu ildə də Avroliqada keçmiş Yuqoslaviya təmsilçisi tərəfindən mübarizədən kənarlaşdırılmışdı. Onda II təsnifat mərhələsində Çeronoqoriyanın “Buduçnost” klubu dueldən qalib ayrlmışdı.