Hafiz Məmmədov: Köklü dəyişikliklər olacaq
13.07.2012 - 02:00
Hafiz Məmmədov: Köklü dəyişikliklər olacaq
“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Avropa Liqasının I təsnifat mərhələsinin “Mura” ilə cavab oyunu barədə təəssüratlarınızı bilmək istərdik…
- Komanda Bakıdakı ilə müqayisədə bu dəfə daha yaxşı oynadı. Ancaq fikrimdə qalıram ki, cütün taleyini birinci görüşdə həll etməliydik. Deyirdilər ki, “Mura” zəifdir. Lakin bununla razılaşmıram. Yaxşı komandadır. Bizimkilər daha üstün oyun nümayiş etdirdilər. Standart vəziyyətdən vurulan 2 qol cütün taleyini həll etdi.

- “Bakı”nın bu qədər üstün oyunun qarşılığında qol vura bilməməyini nə ilə izah edərdiz?
- “Vuran ayağ”ın yoxluğu sözünü dedi. Çox təəssüf… Məğlub olmağımıza daha çox bizi dəstəkləyən azarkeşlərimizi üzdüyümüzə görə təəssüflənirəm. Amma bu futboldur, belə şeylərin olması mümkündür. Yeri gəlmişkən, mərhələ adlayan iki klubumuzu təbrik edirəm. “İnter” gözəl qələbə qazandı. “Xəzər Lənkəran” isə tarixində ilk dəfə bu uğuru reallaşdırdı. Gələn həftə yarışa başlayacaq “Neftçi”yə də azarkeşlik edəcəyik. Ən azı bu gün avrokuboklarda üç təmsilçimiz var.

- Komandanın gələcəyi haqda nə düşünürsüz?
- Gördüyünüz kimi, bu gün gənc oyunçularımız da meydana çıxmışdı. İstəyirəm onlara daha çox diqqət yetirilsin. Komandada köklü dəyişikliklər olacaq.

- Bu dəyişiklik baş məşqçidən başlayacaq?
- Bu haqda danışmayaq. Baş məşqçiyə nə olub ki? Komanda normal futbol oynadı, sadəcə, qol vura bilmədik. Heyətimizə diqqət yetirdikdə görürük ki, hamısı öz ölkəsinin yığmasında çıxış edənlərdir. Oyunu birgə izlədiyimiz yoldaşlara deyirəm ki, bunlar öz yığmalarındakı kimi, amma öz bildikləri kimi oynasınlar. Bunu da etmirlər. Uinston Parksın oyunundan heç xoşum gəlmədi. O, hər iki matçda zəif təsir bağışladı.

- Onun göndərilməsi mümkündürmü?
- Uduzan kimi dərhal kimlərisə komandadan göndərmirlər ki. Amma fikrim öz gənclərimizə daha çox diqqət yetirməkdir. Bizim gənc, perspektivli oyunçularımız var.

- Qarşıdakı mövsümdə “Bakı”nın heyətində daha çox yerli futbolçular çıxış edəcək?
- Yerli, özü də gənc futbolçuların sayı çox olacaq.

- Komandaya mövsümlərarası fasilədə qoşulan futbolçuların çıxışını necə qiymətləndirərdiz?
- George Popkadzenin oyununu görməmişdim. Bu matçda 90 dəqiqə meydanda oldu və çıxışından razı qaldım. Makedoniyalı qapıçımızla da görüşdüm. Təcrübəli qapıçıdır. Rodrigesin oyunundan da razı qaldım. Amma mən istəyən oyunçular alınmayıb. “Transfer pəncərəsi” açılmamışdan öncə komandaya 5-6 səviyyəli oyunçu dəvət etməyi tapşırmışdım. Hətta bu məqsədlə klubun büdcəsini də artırmışam. Sadəcə, vaxt azlığı üzündən çatdıra bilməyiblər.

- Yeni mövsümdə komandanın qarşısına hansı məqsədlər qoyulacaq?
- “Bakı” hər zaman iddialı komanda olmalıdır. Bizim aşağıyaşlı futbolçularımız var. Onlar gərək A komandaya baxıb fərəhlənsinlər. Buna görə də “Bakı” Futbol klubu hər zaman iddialı olub və olacaq da.

- “Böyük Bakı-2012” layihəniz var idi. Bu proyektin başa çatdığını söyləmək olarmı?
- Bu planı açıqlayanda futbola yeni gəlmişdik. Fəaliyyət dövründə bir çox şeylər aydın oldu. Bunlar qısa müddətdə həll olunan məsələlər deyil. Yenə deyirəm, bizim öz gənclərimiz yetişsin, eyni zamanda səviyyəli, peşəkar legionerlər dəvət edilsin və onların vəhdətindən yaxşı komanda yaratmaq olar. Təbii ki, bunun üçün hələ vaxt var. Bizim “Böyük Bakı 2012”dən də böyük, yaxşı planlarımız var.

- Şənbə günü Premyer Liqanın püşkü atılacaq. “Bakı”nın bazasında isə təmir işləri aparılır və böyük ehtimalla mövsümün startına qədər bu işlər başa çatmayacaq. Belə olan təqdirdə komanda ev oyunlarını hansı stadionda keçirəcək?
- Fikrimcə, dünya çempionatına qədər meydança tam hazır olacaq. Digər yandan 4 standart meydançamız da hazır olacaq. Təbii örtüklü həmin meydançalardan ikisinin qızdırıcı sistemi də olacaq. “Bakı”nın bazası buna qədər ölkədə ən yaxşılardan idi, bundan sonra isə daha yaxşı olacaq. Planımızdan biri budur. Onu da yaxın aylarda görəcəksiz. “Böyük Bakı”nın planlarından biri onun bazasının daha müasir, səviyyəli olması idi. Biz bunu iki mərhələdə həyata keçirəcəyik. Yəni dünya çempionatına qədər I mərhələni, ondan sonra isə qalan işləri reallaşdıracağıq. Sonda avrokuboklarda çıxış edən klublarımızın üçünə də uğurlar arzulayıram. Bu yalnız Azərbaycanda belədir. Fikir vermisinizsə, komandalarımız arasında nə qədər rəqabət olsa belə, klub rəhbərləri hamısı dostdurlar. Ona görə də mübarizəni davam etdirən komandaya azarkeşlik etməliyik ki, onlar uğur qazansın. Onların mərhələ adlaması ilk növbədə ölkəmizə reytinq xalları qazandıracaq. Heç kim deyə bilməz ki, komandamın mərhələ keçməməsinə heyfslənmirəm. Daha çox ölkəmə və azarkeşlərimizə görə heyfslənirəm.