“Sürix”in müdafiəçisi “İnter”lə 2 illik müqavilə imzalayıb
13.07.2012 - 15:43
“Sürix”in müdafiəçisi “İnter”lə 2 illik müqavilə imzalayıb
İsveçrə yığmasının futbolçusu Haynz Barmettlerin “İnter”ə keçidi rəsmiləşib. Apasport.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, “Sürix”in 25 yaşlı mərkəz müdafiəçisi Bakı klubu ilə 2 illik müqavilə bağlayıb. Bununla da o, "İnter"də İsveçrə çempionatından yaxşı tanıdığı afrikalı yarımmüdafiəçi İbrahima Niasse ilə birgə oynayacaq. Sonuncu komandaya İsveçrənin “Ksamaks” komandasından transfer olunmuşdu.

Sərbəst futbolçu olan Haynz ötən mövsüm Bundesliqadan düşən “Kayzerslauten”in tanınmış bolqar baş məşqçisi Krasimir Balakovun transfer siyahısında yer alıb. Dayaq yarımmüdafiəçisi kimi də çıxış edən isveçrəli digər II Bundesliqa təmsilçisi “Reqensburq”un da maraq dairəsində olub. “İnter”in yeni transferi ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edib.

Qeyd edək ki, 1,82 metr boya malik futbolçu “Sürix”in yetirməsidir. O, bu komandanın heyətində 2006-cı ildən bu yana 82 oyun keçirib. Müdafiəçi 21 yaşlılardan ibarət yığmasında 9, millidə 1 matçda oynayıb.