“Avropa qatarı”nın 9-cu sərnişini
14.07.2012 - 10:10
“Avropa qatarı”nın 9-cu sərnişini
Kaxaber Sxadadze Azərbaycan klubları ilə avrokuboklarda mərhələ adlayan 9-cu mütəxəssis oldu. Apasport.az saytının məlumatına görə, gürcü çalışdırıcı ölkəmizdə işlədiyi 4 ildə ilk dəfə qitə miqyaslı turnirdə bunu reallaşırdı. Düzdür, o, Azərbaycanda işlədiyi ilk klub olan “Standard”la 1 ildə Avropa həyəcanı yaşamadı. Sxadadzenin 2009-cu ilin yayında “İnter”də rəsmi debütü məhz avrokuboklara təsadüf etdi. Onda komandası Avroliqanın I təsnifat mərhələsində Slovakiyanın “Spartak” klubuna səfərdə 1:2, evdə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı.

Sxadadze 1 il sonra Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə üzləşdi. Hər oyun qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələndi. Cütün taleyi oyun sonrası penaltilərdə müəyyənləşdi ki, rəqib 11:10 hesablı qələbə ilə növbəti mərhələyə çıxdı. Bu dəfə Avroliqanın I təsnifat mərhələsində Estoniyanın “Trans” klubu ilə düşən “İnter” səfərdə 5:0, evdə 2:0 hesablı qələbəyə sevindi. Bununla da Sxadadze 1 ildir istifadəyə verilən “Dalğa Arena”da ilk rəsmi qələbəmizi qazanan baş məşqçi oldu.

Klublarımızla mərhələ keçən məşqçilərdən çoxu – 5-i özümüzünkülər oldu. Qalan 4-ü əcnəbidir ki, bunlardan 2-si “İnter”in çalışdırıcılarıdır.

Azərbaycan klubları ilə mərhələ adlayan baş məşqçilər
7 - Qurban Qurbanov – 2 (2009/10), 3 (2010/11), 2 (2011/12)
2 – Böyükağa Ağayev - 1 (1999/2000), 1 (2004/05)
2 – Ağasəlim Mircavadov - 1 (2000/01), 1 (2005/06)
2 - Yunis Hüseynov - 1 (2006/07), 1 (2012/13)
2 – Anatoli Demyanenko - 2 (2008/09)
1 – Kazbek Tuayev – 1 (2004/05)
1 – Valentin Xodukin - 1 (2008/09)
1 – Qyoko Hacıyevski – 1 (2009/10)
1 – Kaxaber Sxadadze – 1 (2011/12)