Böyükağa Hacıyev: Əlvida “Neftçi”, əlvida futbol...
22.07.2012 - 23:01
Böyükağa Hacıyev: Əlvida “Neftçi”, əlvida futbol...
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu "Zestafoni" ilə "Neftçi" arasında keçiriləcək cavab matçı öncəsi mətbuat konfranslarının və son məşqlərin vaxtı müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Zestafonidə baş tutacaq qarşılaşmadan bir gün öncə keçiriləcək mətbuat konfranslarında ilk olaraq meydan sahiblərinin çalışdırıcısı Georgi Çiabraşvili jurnalistlər önünə çıxacaq. O, 20:30-da mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.

Yarım saat sonra isə yetirmələrini son məşqə çıxaracaq. "Ağ-qaralar"ın məşqçisi Tərlan Əhmədov isə 21:30-da mətbuat konfransı keçirəcək. 22:00-da isə komandamız Zestafonidə son hazırlığını həyata keçirəcək.

Mətbuat konfransında Əhmədovun iştirak etməsi sizə qəribə gəlməsin. Çünki Azərbaycan çempionu Gürcüstana baş məşqçisiz gedir. "Ağ-qaralar"ın baş məşqçisi Böyükağa Hacıyev hələ də həkim nəzarətində müalicəsinə davam edir. Hələ "Zestafoni" ilə ilk oyunda da bu üzdən komandasının yanında olmayan təcrübəli mütəxəssisin sıraya dönüşü gecikir. Belədə "Neftçi" Zestafonidəki cavab qarşılaşmasına da baş məşqçisiz getməli olacaq. Onu bu dəfə də əsas köməkçisi Tərlan Əhmədov əvəzləyəcək.

Düzü, Böyükağa bəyin səhhətiylə bağlı problem ciddidi. Klubdan rəsmi açıqlama verilməsə də, ümumiyyətlə, onun futbola dönməməsi mümkündü. Çox ciddi problemləri olan çalışdırıcı bir müddət öncə gözündən əməliyyat olunduqdan sonra daha ciddi problemləri ortaya çıxıb. Bu üzdən daim həkim nəzarətində olan Hacıyevin ümumiyyətlə, karyerasını başa vurması çox realdı.

Onu da qeyd edək ki, bu matçı televiziya vasitəsi ilə izləməyimiz çox güman ki, mümkün olmayacaq. Çünki "Zestafoni" "Neftçi" ilə oyunun yayınına böyük məbləğdə qiymət qoyub. Gürcüstan çempionu cavab oyunu üçün 100 min dollar qiymət müəyyənləşdirib. Bu qiymət Azərbaycan telekanallarına aiddi. Belə ki, ölkəmizdən oyunu yayınlamaq istəyən telekanal 100 min dollardan keçməlidi. Oyunun Gürcüstanda yayın hüququ isə bu ölkənin ictimai televiziyasına məxsusdu.

"Zestafoni"nin xarici əlaqələr üzrə meneceri Tamara Nodiya “Sport Ekspress” qəzetinə açıqlamasında xəbəri təsdiqləyib: "Bəli, biz "Zestafoni" - "Neftçi" oyununun yayınına görə 100 min avro pul istəmişik. Qonşu ölkələri təmsil edirik. Bu məbləği istəməyimizin insani münasibətlərə dəxli yoxdu. Səfərdə aldığımız yenilgiyə görə çox pul istədiyimizi düşünməyin. Nə qıcıqlanmışıq, nə də məbləği şişirtmişik. İş ondadı ki, 2006-cı ildə klubdaxili qərar qəbul edilib. Avrokuboklarda qarşılaşdığımız rəqiblərin hamısı ev oyunumuzu göstərmək üçün məhz bu qədər verməlidi. "Neftçi"dən mənə zəng vurmuşdular. Yerli telekanalla bizim aramızda vasitəçilik etmək üçün vəziyyətlə maraqlandılar. Nəyin necə olduğunu izah etdim. İnanın, bu, mənlik deyil. Axı, klubdaxili qərarları mən müəyyənləşdirmirəm. Məsələn, ötən yay Avroliqada "Brügge" ilə oynayanda belçikalılar 100 min avrosundan keçməli oldu. Avstriya "Şturm"u da həmçinin. Bundan öncəki mərhələdə isə "Zestafoni" Rumıniya "Daçiya"sı ilə qarşılaşmışdı. Rumınlar pul ödəməyəcəyini bildirdi və Gürcüstandakı oyun göstərilmədi".

Hodiya heç bir güzəştin olmayacağını bildirib: "Bilirəm, Azərbaycanda qarşılaşmaya böyük maraq var. İnsanlar matçı seyr etmək istəyir. Lakin mənim əlimdən heç nə gəlmir. Fikrimcə, hər hansı güzəşt haqda söhbət olmayacaq. Qanun qanundu".