Tasos Bakasetas: “İnter” təhlükə yaratmadı
27.07.2012 - 16:20
Tasos Bakasetas: “İnter” təhlükə yaratmadı
“Biz qələbənin əsasını hələ ilk oyunda qoyduq. Səfərdə etdiyimiz 1:1 hesablı heç-heçə yaxşı nəticə idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Asteras”ın futbolçusu Tasos Bakasetas deyib.

Yunanıstan klubunun oyunçusu Avroliqanın II təsnifat mərhələsinin “İnter”lə cavab matçı haqda fikirlərini bildirib.

Tasos əsas vaxtda qalib gələ bilmədiklərinə görə bəxtdən gileylənib: “Çoxlu qol imkanlarımız oldu. Ancaq hədəfə düşə bilmirdik. “İnter” isə təhlükə yaratmırdı. Biz meydanda daha çox çalışırdıq və sonda bizdə yaxşı ifaçılar var”.

Bakasetas qol vurduqları epizodda iştirak etsə də, özü fərqlənə bilməyib: “Mən topa zərbə vura bilmədim. Top məndən sıçradı və komanda yoldaşıma düşdü. Navarro da öz növbəsində dəqiq zərbə vuraraq, hesabı açdı”.

Yarımmüdafiəçi oyunun qəhrəmanlarından biri kimi qapıçısı Georgi Bantisi sayır: “O, dahi qapıçıdır. Növbəti mərhələyə çıxmağımız üçün çox şey etdi. Hesab edirəm ki, qapıçımız “İnter” üzərində qələbəmizin əsas memarlarından, matçın qəhrəmanlarından oldu. İlk penaltini yerinə yetirən kapitanımız Savas Tsampuros topu qapının üstündən vurdu. Ancaq sonradan qapıçımızın ustalığı bizə uğur gətirdi”.

Qeyd edək ki, “Asteras” 1:1 hesabı ilə nəticələnən cavab matçında qələbəni oyun sonrası penaltilərdə qazandı – 4:2.