Ruslan Poladov: Azarkeşlər bizdən nəticə gözləyir
27.07.2012 - 17:07
Ruslan Poladov: Azarkeşlər bizdən nəticə gözləyir
“Ötən mövsümün ikinci dövrəsində “İnter”in futbolçusu olduğumdan, “Simurq”da icarə əsasında forma geyinirdim. Bakı klubu ilə müqaviləmin müddəti başa çatdığına görə yenidən “Simurq”a transfer olunmaq təklif edildi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un futbolçusu Ruslan Poladov klubunun rəsmi saytına müsahibəsində deyib. Zaqatala təmsilçisinin ötən mövsümkü heyətindən saxlanılan 33 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Ruslan həm “İnter”də də birgə çalışdığı baş məşqçi Georgi Çixradze, həm də klub rəhbərliyinin onun qalmağımı istədiklərini bildirib: “Təklif məni qane etdiyi üçün razılaşdım. Baxmayaraq ki, bölgə komandasıdır. Ancaq iddialı kollektiv yaratmaq fikrində olduqları üçün “Simurq”da qalmağa üstünlük verdim”.

”Simurq”un Avstriyadakı təlim-məşq toplanışı başa çatmaq üzrədir. Poladov növbəti mövsümə hazırlıqları dəyərləndirib: “Bakı, Türkiyə və Zaqataladakı məşqlərimiz əsasən komandanın fiziki baxımdan hazırlamaq məqsədi güdürdü. Fikrimcə, bunun da öhdəsindən həm məşqçilər heyəti, həm də biz futbolçular layiqincə gələ bildik. Burada da 3 yoldaşlıq görüşü keçirmişik. Baxışa təcrübəli legionerlər dəvət olunurdu. Məşqlərdə, oyunlarda bu oyunçuların komandaya nə dərəcədə kömək edib-etməyəcəyi yoxlanılırdı. Avstriyadakı təlim-məşq toplanışımızda çempionata hazırlıq baxımından ümumi üstünlük heyətin və oyun quruculuğunun formalaşdırmaq məqsədi daşıyırdı. Hazırda hər şey məşqçinin nəzarəti altında, planlı şəkildə davam edir. Biz də var-gücümüzlə hazırlaşırıq. İnşallah, bunun da nəticəsini çempionatda görəcəyik”.

Zaqatalıların Premyer Liqanın ilk turunda rəqibi “Qəbələ”dir. Ruslanın sözlərinə görə, birinci oyundan heç kəs deyə bilməz ki, bu komanda hansı gücə malikdir: “Bütün kollektivlərdə çatışmazlıqlar bir necə turdan sonra özünü göstərməyə başlayır. Bizim də müəyyən zəif nöqtələrimiz ola bilər. Ancaq ən əsası, onları vaxtında aradan qaldırmaqdır. İşin gedişinə görə biz futbolçular özümüzü həm oyun quruculuğu, həm də fiziki baxımdan çempionata hazır sayırıq. Komanda iddialıdırsa, əlbəttə ki, ilk turdan gücünü ortaya qoymalıdır. Hansı çatışmazlıqlarımız olacaq, təbii ki, məşqçi heyəti bunu görəcək və “Qəbələ” ilə oyundan başlayaraq növbəti turlardan aradan qaldırmağımıza kömək edəcək.

Təcrübəli futbolçu sonda azarkeşlərə müraciət edib: “Oynadığım hər bir klubda komandanın məqsədindən əlavə, öz məqsədim olur. Bu da komandanın səviyyəsindən və büdcəsindən asılı olmayaraq çempion olmaqdır. Azarkeşlər də bizdən nəticə gözləyir. Onlarsız futbol olmaz. Biz də azarkeşlərdən xahiş edirik ki, oyunlara gəlib komandamızı qələbəyə səsləsinlər. Uğurlarımızda payları olsun. Biz də çalışacağıq ki, onlara layiq oyun göstərək”.