Bəlkə İsrailə də avtobusla...
28.07.2012 - 06:14
Bəlkə İsrailə də avtobusla...
Həftə sona çatmasa da, artıq bəri başdan bu həftənin ən yaddaqalan hadisənin nə olduğunu demək mümkündür. Həftənin hadisəsi "Neftçi" ilə bağlıdır. "Neftçi"nin Çempionlar Liqasında mərhələ adlaması? Yox! Bunu "ağ-qaralar" hələ 8 il əvvəl Rövnəq Abdullayevin dövründə gerçəkləşdirib.

Ancaq nə 8, nə də 18 il öncə hansısa klubumuz qitə miqyaslı turnirə jurnalistləri avtobusla aparıb. Bu ideya yalnız "Neftçi"nin indiki rəhbərliyinin ağlına gələ bilərdi. Necə ki gəldi...

Komandanın "Zestafoni" səddini keçib, "Hapoel İroni" klubu ilə düşməsi isə bu istiqamətdə əsl çiçəklənmə dövrü deməkdir. İndi jurnalistləri daha böyük macəra gözləyir: avtobusla İsrailə! Heç kim ah-uh eləməsin. "Neftçi"nin vəziyyətini başa düşmək lazımdır. Maddi durum ürəkaçan deyil.

"Hapoel İroni" - "Neftçi" oyununu canlı izləmək istəyən media nümayəndələrinin nəzərinə: qələm əhlini aparacaq avtobus Azərbaycandan Türkiyəyə keçəcək, qardaş ölkənin cənubi-qərbindən Suriyanın ərazisinə girəcək, səhralıqlardan və dağətəyi zonalardan keçməklə İsrailə daxil olacaq. Amma... Səfərin əmması odur ki, sərhədləri keçərkən, jurnalistlərin buraxılış-nəzarət məntəqələrində saatlarla gözləməyəcəyinə, stadionun qapısı ağzında "Hapoel İroni" mühafizəçiləri ilə əlbəyaxaya çıxmayacağına zəmanət verilmir. Yəni, səfərdir, yolda hər şey ola bilər.

Cəmi-cümlətanı 2000 km avtobusla gedəcəksiniz və min bir zülm-zillətdən sonra stadiona girə biləcəksiniz. Bundan rahat səfər proqramı? Özü də səfər üçün ideal vaxt seçilib. Deməli, "Hapoel İroni" - "Neftçi" matçı avqustun 1-də axşam saatlarında başlanacaq. Flavinyonun transferindən əldə etdiyi qazancın hesabına özünə yeni saat alan Tahir Süleymanov əqrəbləri Qrinviç saatına uyğun düzəldib. Necə deyərlər, bu işdə nə tələsmək olar, nə də gecikmək! Jurnalistləri aparacaq avtobus iyulun 29-da gecə saat 01:30 radələrində yola düşəcək.

Bakıdan Hayfaya qədər olan məsafə cəmi ikicə sutka yarıma qət olunacaq. Haydı, igidlər!

Mənə elə gəlir ki, jurnalistləri "Zestafoni" ilə oyuna yola salmamışdan öncə eksperiment aparmaq vacib idi. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovu həmin avtobusa mindirib, çox uzağa yox, elə Şamaxıda aldığı qoyun fermasına qədər sürmək lazım idi. Ki, görək Süleymanov avtobusla uzaq yol getməyin necə əziyyətli olduğunu bilir, ya yox.
"Neftçi" rəhbərliyində qəribə bir tamahkarlıq var. Komandanın uğuru artdıqca, klubu idarə edənlər daha da ədalətsizləşir (olimpiya.az).

Buna görə də jurnalistlərə qarşı hörmətsizlik də gündən-günə artan xətt üzrə gedir. Əgər "Neftçi" rəhbərliyi "Hapoel İroni"dən sonrakı mərhələdə, yəni Çempionlar Liqasının və ya Avroliqanın pley-off matçında iştirak etmək istəyən mətbuat nümayəndələrini uzaq Avropa ölkəsinə velosipedlə yola salmaq niyyətində olsa, təəccüblənmərəm. Kim zəmanət verə bilər ki, flaqman rəsmiləri artıq "Desna" firmasına velosiped sifariş etməyib...