“Kamran Ağayevin başı meyxanaya qarışmışdı” – MÜSAHİBƏ
30.07.2012 - 14:17
“Kamran Ağayevin başı meyxanaya qarışmışdı” – MÜSAHİBƏ
“Xəzər Lənkəran”a məxsus “Caspian Ultras” fan-klubunun üzvü Sabir Bacaranın apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran” növbəti mövsümə 1 həftə qalmış 3 futbolçunu – qapıçı Kamran Ağayev, braziliyalı yarımmüdafiəçi Rikardo Qomeş və kosta-rikalı hücumçu Rendal Brenesi transferə çıxardı. Lənkəran təmsilçisinin fan-klublarından biri kimi, bu qərarı necə qarşıladınız?
- Burada əsas müzakirə Kamranla bağlıdır. O, Avroliqada “Lex”lə oyunda böyük səhvə yol verərək, məğlubiyyətin əsas səbəbkarı oldu. Bunadək də kobud səhvləri olmuşdu. Ötən mövsüm “Bakı” ilə çempionat matçında “Xəzər Lənkəran”a xal çox lazım idi. Ancaq Ağayevin buraxdığı səhv sonda qələbədən əlimizi üzməyimizlə nəticələnsə də, biz onu bağışladıq. Ötən yay Avroliqada “Makkabi” ilə Təl-Əvivdəki qarşılaşmada səhvi böyük idi. Ancaq Polşada peşəkar qapıçıya yaraşmayan səhvə yol verdi. Artıq bundan sonra rəhbərlik radikal qərar qəbul edərək, Ağayevi transferə çıxardı.

- Kamran uzun illərdir həm “Xəzər Lənkəran”ın, həm də milli komandamızın əsas qapıçısıdır. Onun belə səhvlərini nə ilə əlaqələndirirsiniz?
- Kamranın mövqeyində rəqabət olmadığından, özünə arxayın idi. Bu da sonda belə səhvlərə gətirib çıxarırdı. Fikrimcə, “Xəzər Lənkəran”da bundan sonra gəncləşmə siyasəti həyata keçiriləcək. Komandamızda Ağabala Ramazanov, Orxan Sadıqlı kimi gənc futbolçular var. Elə malili legioner Sadio Tounkara da gəncdir. Bu mənada Kamranın gedişi məqsədəuyğun idi.

- Ancaq nəzərə alaq ki, Ağayev də qoca deyil, cəmi 26 yaşı var...
- Əlbəttə. Ancaq əsas problemlərdən biri rəqabətin olmamağı idi. Ağayev artıq futboldan kənar şeyləri düşünür, mətbuatda açıqlamaları ilə diqqət çəkirdi. Hətta Lənkəranda belə söhbət gəzirdi ki, Kamranın başı meyxanaya qarışıb, müsabiqə olsa, ora gedəcəkdi. Bundan əlavə, komandada qruplaşma yaratdığı deyilirdi. Düzdür, Mirça Rednikin istefasının səbəbini onunla əlaqələndirməzdim. Ancaq hər halda, Kamranın məşqlərdə davranışı, yerli futbolçulara yuxarıdan aşağı baxmağı, legionerlərə münasibəti xoşagəlməz idi. “Xəzər Lənkəran” Kamran Ağayevdən ibarət deyil. Bu klub ondan əvvəl də olub, bundan sonra da olacaq.

- Ağayev müsahibələrində bəzi azarkeşlərdən narazılığını gizlətmir, onların artıq oyunun əvvəlində stadionu tərk etməyindən gileylənirdi...
- Azarkeşlərin onunla problemi olmayıb. Hələ ötən mövsüm “Neftçi”yə 0:5 hesabı ilə uduzduğumuz matçda Kamranın meydana çıxmamağı böyük söz-söhbətə səbəb oldu. O vaxt deyildi ki, Ağayev zədəli deyil, bilərəkdən meydana çıxmayıb. Kamran da gəlib azarkeşlər qarşısında dedi ki, oyun satmağı kişiliyinə sığışdırmır. Biz onda da qapıçıya inandıq, dəstək olduq, dedik ki, biz səninləyik. Ancaq o isə mətbuatdan azarkeşlərə söz atırdı. Kamranın son 1 ildə hərəkətləri onun gedişinə zəmin yaradırdı. Bu müddətdə ona çox güzəşt olunmuşdu və indi də olmasa, yaxın gələcəkdə gedəcəkdi. “Xəzər Lənkəran” 2 il əvvəl Ağayevi transferə çıxarsaydı, buna çox heyfsilənərdik. Ancaq indi belə düşünmürük.

- “Xəzər Lənkəran”ın digər qapıçılarından Kamal Bayramovun oyun praktikası azdır, Orxan Sadıqlı isə gəncdir. Bu halda, qapıda problem olmayacaq?
- Biz hər 2 qapıçıya güvənirik. Orxan gənc, perspektivli qapıçıdır. Düzdür, oynamadığından, təcrübəsi azdır. Ancaq ona böyük ümidlər bəsləyirik. Kamal isə Kamran oynadığı üçün ehtiyatda qalırdı və onun əvəzləyicisi sayılırdı.

- Onsuz da futbolçusu çox olmayan “Xəzər Lənkəran”a daha 3 oyunçunu itirməyi ilə daxili yarışlarda çətin olmayacaq?
- Hesab edirik ki, klub siyasətini dəyişməlidir. Biz azarkeşlərin qazanılan çempionluq və kubokdan artıq gözü doyub. İstərdik ki, “Xəzər Lənkəran” Azərbaycan üçün futbol yetişdirməklə məşğul olsun. Düzdür, klub müstəqildir və siyasətini özü müəyyənləşdirir. Ancaq bizlər “Xəzər Lənkəran”ın Avropada “Ayaks”, “Barselona” kimi Akademiyasının olmağını istərdik. Yəni, komanda nəticədən çox millini düşünməlidir. Müxtəlif yığmalarımıza futbolçu vermək qarşıda duran əsas vəzifə olmalıdır.