“Sanki çoxdandır “Qəbələ”də oynayırlar” - MÜSAHİBƏ
31.07.2012 - 10:25
“Sanki çoxdandır “Qəbələ”də oynayırlar” - MÜSAHİBƏ
“Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynovun apasport.az saytına müsahibəsi

- Sloveniya toplanışı necə keçdi?
- İyulun 13-dən 28-dək Sloveniyada 2 həftəlik hazırlıq prosesi keçdik. Fiziki hazırlığı Qəbələdə keçdiyimizdən, Sloveniyada toplu çalışmalara üstünlük verdik. Orda əsasən yoldaşlıq oyunları keçirdik. Rəqiblərimiz həqiqətən də yaxşı komandalar idi. Nəticə önəmli olmadığına görə, baş məşqçi yoldaşlıq oyunlarında fərqli heyətlərə şans verirdi. Həm də taktiki planda çalışmalar həyata keçirirdik. Nəticəsini Premyer Liqa oyunlarında görəcəyik.

- Əksər məşqçilər yoldaşlıq oyununda nəticənin önəmli olmadığını vurğulayır. Amma burada psixoloji amili unudurlar. Olmazmı, elə həmin oyunlarda qələbə qazanıb, qalib ruhu formalaşaydı?
- Baş məşqçi istəyirdi ki, futbolçuları iş başında görsün. Həm də istədiyi taktiki sistemi otuzdursun. Ən çox isə gənc futbolçularımız var idi ki, onlara şans verildi. Hazırlıq da bunun üçündür, bu üzdən nəticə önəmli deyildi. İnşallah, qalib ruhu çempionat oyunlarında formalaşacaq.

- Yeni transferlər necə, komandaya uyğunlaşıblar?
- Hamısı səviyyəli oyunçulardır. Sanki çoxdandır ki, “Qəbələ”də oynayırlar. Əlbəttə, yeni gəldikləri üçün uyğunlaşma baxımından müəyyən vaxta ehtiyac olur. Onların bu mərhələni adladıqlarını düşünürəm.

- Hansını fərqləndirə bilərsiz?
- Futbol kollektiv oyundur. Ona görə də nəticəni komanda şəklində əldə edirik. Bu baxımdan kimlərisə ayırıb, fərqləndirmək istəmirəm. Onu deyə bilərəm ki, yenilər komandanı gücləndirəcəklər. Necə oynadıqlarına çempionat oyunları zaman qiymət verərsiz.

- Mövsümlərarası fasilədə ən çox arxa xətdə dəyişiklik oldu. Müdafiəçi kimi, yeni qurulan müdafiə xəttinin inamlı hesab edirsizmi?
- Anlaşma baxımından problem yaşamadıq. Yoldaşlıq oyunları zamanı bunu qaydasına qoyduq. Qaldı ki, onların gücünə, yeni futbolçuların heç biri baxışa gəlməyib. Hamısı ilə birbaşa müqavilə imzalanıb. Yəni baş məşqçimiz uzun müddət idi həmin futbolçuları izləyirdi. Düşünürəm ki, oyundan oyuna daha yaxşı çıxış edəcəyik.

- Həftəsonu Premyer Liqaya start veriləcək. İlk turda “Simurq”la qarşılaşacaqsız ki, onlar da yaxşı hazırlıq keçib, heyətlərini gücləndiriblər. Necə düşünürsüz, “Qəbələ” qələbə ilə başlaya biləcəkmi?
- Bu gün asan, əziyyət çəkmədən yenə biləcəyin rəqib yoxdur. Komandaların hamısı bir-birindən xal ala biləcək gücdədir. Biz bütün oyunlara final havasında çıxacağıq. Çünki məqsədə gedən yolda ancaq qələbə bizi qane edə bilər.

- Rəhbərlik futbolçulara konkret tapşırıqlar verib?
- İki kubokdan birini qazanmalıyıq. Ən pis halda, minimum vəzifə kimi Avropa Liqasına vəsiqə qazanmalıyıq. Bunu reallaşdıracaq gücümüz də var.