“İnter”in futbolçularına ar olsun”
01.08.2012 - 13:31
 “İnter”in futbolçularına ar olsun”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- Klublarımız Avroliqada çıxışını başa vurdu. “Bakı”nın ardınca “Xəzər Lənkəran”la “İnter” də mübarizəni dayandırdı. Onların çıxışına necə qiymət verərdiniz?
- Püşk bu il klublarımıza daha çox irəliləmək baxımından gözəl şans vermişdi. Hələ Azərbaycanın klubları üçün avrokuboklarda belə münasib püşkatma olmamışdı. Ancaq əfsuslar olsun ki, bu şansdan maksimum istifadə edə bilmədik və hazırda avrokuboklarda yalnız bir komandamız qalıb. “Bakı”nın gözlənilmədən mübarizəni tez dayandırmağı məni çox heyfsiləndirdi. Sonra da “Xəzər Lənkəran”la “İnter” II təsnifat mərhələsində uduzdular. “Xəzər Lənkəran”ın “Lex”lə Polşadakı oyununun 2-ci hissəsinə internetlə baxdım və bəyəndim. Lənkəran komandasının bəxti gətirmədi. “İnter”ə gəlincə, öz oyunlarını oynamadı. Deyim ki, “İnter”in də bəxti gətirmədi, yox, bu, belə deyil. Düz danışmağı xoşlayıram. Belə deyərdim, həmin futbolçulara ar olsun. Çünki “İnter”də Kaxaber Sxadadze kimi baş məşqçinin, rəhbərliyin əməyini yerə vurdular.

- “İnter”in futbolçularının çıxışından, yoxsa penalti zərbələrini boşa verənlərdən narazısınız?
- Oyun penaltiyə qədər udulmalı idi. “İnter” buna layiq idi. Sadəcə, mənə aydın olmadı ki, futbolçular adi ötürmələri niyə verə bilmirdilər. Bilirsiniz, “İnter” çox müəmmalı şəkildə uduzdu və mən bu komandaya yaraşmayan oyun göstərdiyinə görə çox təəccübləndim. Sxadadze çox gözəl, mükəmməl, ağıllı, futbolu, öz işini bilən bir məşqçidir. Onun zəhmətini futbolçuları yerə vurdular. Mən belə deyirəm. Lap futbolçular məndə incisinlər. Bəlkə də bu sözlərimdən Sxadadze də inciyər. Amma bu, mənim şəxsi fikrimdir.

- Bəs avrokuboklarda qalan yeganə təmsilçimiz, bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində İsraildə yerli “Hapoel”in qonağı olacaq “Neftçi”dən nə gözləyirsiniz?
- “Neftçi”nin əvvəlki mərhələdə Gürcüstanın “Zestafoni” klubu ilə səfər oyununu izləmişəm. Düzdür, komandamız ilk hissədə 2-3 dəqiqəyə 2 top buraxsa da, sonradan öz səhvlərini düzəltdi. “Neftçi” ikinci hissədə Gürcüstan futbolsevərlərinə izah elədi ki, Azərbaycanda futbol var. Komandamız fasilədən sonra həqiqətən çox gözəl, alqışa layiq oyun nümayiş etdirdi, sanki onlarla “məzələndi”. Düzdür, bugünkü rəqibi elə də məşhur komanda olmasa da, onun haqda geniş məlumatımız var, oyunlarını da şəxsən özüm izləmişəm. Sürətli oynayan bir komandadır və deyərdim ki, “Neftçi” üçün bu gün ağır oyun olacaq. Ancaq bütün bunlara baxmayaraq, çempionumuz bu mərhələni keçmək məcburiyyətindədir. Çünki ölkəmizdə futbola olan diqqət və qayğı müqabilində heç olmasa bir komandamız bizləri sevindirməlidir. Mən 2 komandamızın bu mərhələyə kimi çıxacağını gözləyirdim. Ancaq təəssüflər olsun ki, biri qaldı.

- Artıq bu həftəsonu növbəti çempionat start götürəcək. Növbəti mövsümdən nə gözləyirsiniz?
- Mən 4 il əvvəl Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə təyin olunanda, çempionatı keçirən qurum rəhbəri kimi ilk dəfə işə başlayanda, heç belə çəkinmirdim, qorxmurdum. Mən keçmiş 4 ildə bugünkü kimi həyəcan keçirmirəm. Bu il komandalarımız doğrudan çox gözəl hazırlaşıblar. Sizi inandırım ki, bu 21-ci çempionat yerdə qalan 20 çempionatın ən şahı, ən gərgini olacaq. Komandalarımız yaxşı hazırlaşmaqla yanaşı, güclü transfer ediblər. Deyərdim ki, bu mövsüm iddialı klublarımız 4-5 yox, daha çox olacaq.

- Oyunlar daha gərgin olanda, əsas yük hakimlərin üzərinə düşəcək. Sizcə, Sloveniyada təlim-məşq toplanışında olan hakimlər bunun öhdəsindən gələ biləcəklərmi?
- Bu mövsüm hakimlikdən narahatçılığımız olmayacaq. Ona görə ki, bu il keçirilən Avropa çempionatı, avrokuboklarda oyunlarımızda hakimliyin hansı səviyyədə olduğunu gördünüz. “Bakı”nın “Mura” ilə səfərdə, “İnter”in “Asteras”la oyunda hakimliyin səviyyəsi göz qabağında idi. Ancaq özünüz də razılaşa bilərsiniz ki, bizim çempionatda belə hakim səhvləri olmamışdı. “İnter”in mərhələ keçməyi Bakıdakı oyununda hakimin “gözəl” idarəçiliyinin nəticəsi oldu. Əgər düzgün idarə etsəydi, komandamız evdə qalib gəlməli idi.

- Premyer Liqanın sponsoru yenə “Unibank” olacaq?
- Hələ bu məsələ tam həll olunmayıb.

- Ancaq belə demək olar ki, hər şey buna doğru gedir...
- Hələ bir şey deyə bilmərəm. Görüşümüz olmalıdır, bundan sonra deyərəm.

- Bəs yayım hüququnun “İdman Azərbaycan” telekanalında olmağı necə?
- Söhbətimiz davam edir. Hələ konkret bir qərara gəlməmişik.

- Avqustun 4-ü, növbəti çempionatın startına kimi bu 2 məsələnin həlli gözlənilir?
- Əllinin əliyə.