Ramin Musayev: “Neftçi” rəhbərliyinə dedim ki...
01.08.2012 - 15:00
Ramin Musayev: “Neftçi” rəhbərliyinə dedim ki...
“Biz konkret “Neftçi” – “Bakı” matçını yox, ümumiyyətlə, avrokuboklardakı komandalarımızın oyunlarını nəzərə alıb, reqlamentdə yenilik etdik. Belə bir bənd daxil etdik ki, əgər klublarımız mərhələ keçərsə və bu zaman oyunlarının təxirə salınmağına ehtiyac olarsa, bu, qarşı tərəfin razılığı olmadan edilə bilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Növbəti çempionatın ilk turunda, avqustun 5-də “Neftçi” – “Bakı” matçının təxirə salınıb-salınmayacağı ilə bağlı məsələ müzakirə obyektinə çevrilib. Bu da “Neftçi”nin Çempionlar Liqasında çıxışını davam etdirməyi, burada uduzsa isə mübarizəni Avroliqada davam etdirmək hüququ əldə edəcəyi ilə bağlıdır.

Musayevin sözlərinə görə, avrokuboklarda təmsilçilərimizin oyunları ilə əlaqədar mümkün təxirə salmaları artıq çempionatın əsasnaməsinə daxil ediblər: “Bu, artıq bizim reqlamentdə var və oyunun keçirilməyi “Neftçi”nin öz işidir. Mənə elə gəlir ki, bizdə reqlamentində dəyişiklik olmasaydı belə, oyunun təxirə salınmağına “Bakı” da razılıq verərdi. O da istəyər ki, “Neftçi”nin mübarizəni davam etdirsin, nailiyyət əldə etsin. Respublikadan kənarda keçirilən bütün oyunlarımızı klublarımızın hamısı eyni qarşılayır. Özünüz də gördünüz ki, klublarımızın hər biri oynayanda, bütün azarkeşlərimiz bir yerdə idi. Əgər bizim reqlamentdə bu varsa, onu rəsmiləşdirməyə ehtiyac yoxdur. Qərar qəbul etmişik ki, bu halda, oyun təxirə salınsın. Ancaq vaxt təyin etməmişik ki, buna sonradan aydınlıq gətirəcəyik”.

PFL prezidenti “Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” klubu ilə bugünkü səfər oyununu gözləməyi məsləhət bilir. Onun fikrincə, matçın nəticəsi hadisələrin sonrakı axarına birbaşa təsir edə bilər: “Yəqin ki, bugünkü oyun hər şeyi göstərəcək. Mən “Neftçi”nin rəhbərliyi ilə danışanda dedim ki, indi oynamağa imkanınız var. Oyunlarınız göstərir ki, ən azı Avroliqada qrup mərhələsində iştirak edə biləcəksiniz və matçlarınız çempionat ərzində sıx olacaq. İnşallah, İsraildəki oyun bizim üçün uğurlu alınsa, bəlkə deyəcəklər ki, biz oynayırıq. Belə də ola bilər. Bu gün avqustun 1-dir, 5-ə hələ 4 gün var. “Neftçi”nin səfər matçı yaxşı alınsa, desə ki, oynayırıq, onda “Bakı”ya müraciət edəcəyik. Hələ ki bu kluba əmr göndərməmişik. İnşallah, oyun bizim üçün yaxşı keçsə, “Neftçi” səfərdən qələbə ilə qayıtsa, yəqin ki, 5-də oynamaq olar. Ancaq bu, klubun daxili işidir və mən ona qarışa bilmərəm. Oynayarlar, keçirərik, oynamazlar, təxirə salarıq. Mən onların yerində olsaydım, oynayardım. Çünki qarşıda oyunlar çox olduğundan, təqvimdə daha sıxlıq olacaq. Bu zaman 3 gündən bir oyun keçirməli olacaqlar”.