Kamal Bayramov: Onun yoxluğunu hiss etdirmərik - MÜSAHİBƏ
01.08.2012 - 16:44
Kamal Bayramov: Onun yoxluğunu hiss etdirmərik - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın qapıçısı Kamal Bayramovun apasport.az saytına müsahibəsi

- Komandanızın əsas qapıçısı Kamran Ağayevin transferə çıxarılmasına münasibətiniz necə oldu?
- Bu qərarı rəhbərlik verib və ona hörmətlə yanaşmalıyıq. Bununla bağlı hansısa fikir deyə bilmərəm. Ağayevi özləri transfer etmişdi, özləri də transferə çıxardı.

- Qərar sizin üçün gözlənilməz olmadı ki?
- Düzünü desəm, çempionatın startına az qaldığı üçün bir az gözlənilməz oldu.

- Ağayevin getməsi yeni mövsümdə sizə çətinlik yaratmayacaq ki?
- Düzdür, Kamran 6 il “Xəzər Lənkəran”da oynayıb. Amma, bəyəm burdakılar qapıçı deyil? Bu işin çətinliyindən qorxsaydıq, heç qapıçı olmazdıq.

- Onu layiqincə əvəzləyə biləcəksiniz?
- Niyə də yox? Biz də qapıçıyıq. Onun yoxluğunu hiss etdirmərik. Bunu təkcə sözlə yox, mövsümün gedişində göstərəcəyik.

- Hazırda “Xəzər Lənkəran”da 2 qapıçı qalıb: Orxan Sadıqlı və siz. Necə fikirləşirsiniz, əsas qapıçı kim olacaq?
- Buna baş məşqçi qərar verəcək. Kimi təyin etsələr, qapıda da o dayanacaq.

- Kamal Bayramov “1 nömrə” olmağa hazırdır?
- Əlbəttə hazırdır. Bunu qarşıdakı oyunlarda da göstərəcəyəm.

- Amma sizinlə rəqabətə əcnəbi qapıçı da qoşulacaq. Çünki baxışa yeni qolkiper çağırılıb...
- Onu bəyənmədilər, yola saldılar getdi.

- Türkmənistanlı qapıçını nəzərdə tutursunuz?
- Bəli.

- Amma türkmənistanlı getsə də, Slovakiya millisinin qapıçısı “Xəzər Lənkəran”a baxışa gəlməlidir...
- Gəlirsə, xoş gəlir.

- Belə təcrübəli qapıçı ilə rəqabətdən çəkinmirsiniz?
- Kamran Ağayevlə rəqabətdən qorxmuramsa, ondan qorxacağam?