Millimizin futbolçusu Türkiyənin əfsanəvi məşqçisi ilə işləyəcək
21.08.2012 - 13:26
Millimizin futbolçusu Türkiyənin əfsanəvi məşqçisi ilə işləyəcək
Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın çıxış etdiyi “Əskişəhərspor” klubunda baş məşqçi dəyişikliyi baş verir. Apasport.az saytının məlumatına görə, Ərsun Yanalla yollarını ayırmağa hazırlaşan Superliqa təmsilçisi Türkiyə yığmasının digər sabiq baş məşqçisini seçib. Bu, qardaş ölkədə ən yaxşı məşqçilərdən, əfsanələrdən sayılan Mustafa Dənizlidir.

“Əskişəhərspor” Yanalla müqaviləsinin pozmağının qarşılığında 1 milyon dollar təzminat verməli olsa da, onu istefaya göndərməyi qətiləşdirib. Artıq Dənizli ilə görüşərək, müqavilə şərtlərini razılaşdıran rəhbərliyin təyinatı rəsmiləşdirməyi qalıb. Klub prezidenti Halil İnan sonuncu iş yeri olan İranın “Persepolis” klubunu çalışdırdıqdan sonra istirahət edən təcrübəli mütəxəssislə Yunanıstanda görüşərək, onu razı salıb. Dənizli Türkiyənin 3 böyük klubunun hamısı – “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”la ölkə çempionu olan yeganə çalışdırıcı kimi tarixə düşüb.

Qeyd edək ki, milliləşdirilən türkiyəli futbolçu olan Budak “Əskişəhərspor”a mövsümlərarası fasilədə Almaniyanın “Frayburq” klubunun ikinci komandasından keçib. 22 yaşlı sol cinah oyunçusu millimizin kapitanı Rəşad Sadıqovun sabiq klubu ilə 3 illik müqavilə bağlayıb.