“Xəzər Lənkəran” Kislovodska yollanır
22.08.2012 - 11:22
“Xəzər Lənkəran” Kislovodska yollanır
“Xəzər Lənkəran” Premyer Liqada yaranan 3 həftəlik fasilədə ölkə xaricinə yollanacaq. Bu barədə apasport.az saytına komandanın rəisi Səməd Mustafayev məlumat verib.

O bildirib ki, komanda Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışı keçəcək.

Bu, komandanın həmin məkanda ilk hazırlığı olacaq. Lənkəranlıların 10 günlük məşq prosesində yoxlama oyunları keçirəcəyi də istisna edilmir.

“Ağ-yaşıllar” qonşu ölkəyə yığmamızın üzvləri olan futbolçularını apara bilməyəcək. Belə ki, onlar millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində sentyabrın 7-də İsrail və 11-də Portuqaliya ilə rəsmi matçlara hazırlığa cəlb olunacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” IV turda “Simurq”la ev oyunundan sonra istirahətə yollanacaq.