“Neftçi” mütləq rekordun astanasında - STATİSTİKA
22.08.2012 - 13:30
“Neftçi” mütləq rekordun astanasında - STATİSTİKA
Avropa Liqasının IV təsnifat mərhələsinin APOEL-lə ilk qarşılaşması “Neftçi”nin avrokuboklar tarixində 35-ci oyunu olacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” bununla Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirəcəklər.

Hazırda hesabında 34 avrokubok matçı olan “Neftçi” bu göstəricidə “Qarabağ”la şərikdir. Sabah “Dalğa Arena”da baş tutacaq görüşdə isə bu bərabərlik pozulacaq.

Lakin paytaxt təmsilçisi “Qarabağ”a məxsus daha 3 rekordu da yeniləyə bilər. Belə ki, hazırda hər 2 komandanın hesabında 11 qələbə var. Qalib gələcəyi halda, “Neftçi” bu sayda da mütləq rekordçu olacaq.

Qələbəyə görə 3 xal prinsipi ilə hesablandıqda 40 xalı olan “Neftçi” 1 addımlığında olduğu “Qarabağ”ı keçmək üçün qələbə qazanmalıdır. Heç-heçə halında isə burada da bərabərlik olacaq.

Avrokuboklarda 30 qol vuran “Neftçi” məhsuldarlığına görə də 2-cidir. “Qarabağ”dan 2 qol az vuran bakılılar 3 dəfə fərqlənməklə, yeni rekord vuracaq. 2 qol isə rekordun təkrarı üçün yetərlidir.

Qeyd edək ki, qələbə və xal sayı əlavə vaxtın oynanıldığı görüşlərin 90 deyil, 120 dəqiqəsinin nəticəsinə əsasən hesablanır. Ağdam təmsilçisi isə əlavə vaxtda 1 dəfə qələbəni əldən verərək, heç-heçə ilə kifayətlənib. 1 dəfə isə heç-heçəni də itirərək, məğlub olub.