Ramin Musayev: Ola bilsin futbol kanalı açıldı
22.08.2012 - 15:27
Ramin Musayev: Ola bilsin futbol kanalı açıldı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın yeni sponsoru ilə bağlı məsələyə tam aydınlıq gəldimi?
- Bu məsələyə sentyabrın 5-də aydınlıq gələcək.

- “Topaz”ın milli çempionata sponsorluq edəcəyi bildirilir. Sentyabrın 5-də həmin qurumla rəsmi müqavilə bağlayacaqsınız?
- Yeni sponsorla bağlı bütün sualları sentyabrın 5-də cavablandıracağam.

- Bəs çempionatın yayım məsələsi nə yerdə qaldı?
- Azərbaycanda heç bir telekanal Premyer Liqaya yaxın durmur. Onları xarici futbol, xarici ölkələrin çempionatları maraqlandırır. Buna görə də məsələ hələ açıq qalır.

- Bəs çıxış yolu nə olacaq?
- Yəqin ki, dövlət səviyyəsində bu məsələ həllini tapar.

- Futbol kanalının açılması nə dərəcədə realdır?
- İnşallah, ola bilər.

- Premyer Liqanın III turunda “İnter” - “Xəzər Lənkəran” oyununun videogörüntülərinin diqqətlə izləniləcəyi və qalmaqalda iştirakı olan hər bir şəxs öz hərəkətinə görə cavab verəcəyini bildirmisiniz. Bu haqda nə deyə bilərsiniz?
- Mən videogörüntülərə baxmışam. Ancaq bu məsələyə lazımı qurum qiymət verəcək.

- AFFA-nın İntizam Komitəsini nəzərdə tutursunuzsa, hələlik bir xəbər yoxdur...
- Hazırda iclas gedir və çıxarılacaq qərarları rəsmi saytımızda açıqlayacağıq. Hər halda, günahı olan cəzalandırılacaq.

- Sizcə, insidentdə adı hallandırılan “İnter”in gürcü futbolçuları İlya Kandelaki ilə Baçana Sxadadze günahkardırlarmı?
- Buna İntizam Komitəsi qiymət verəcək. Ümumiyyətlə, heç kəsin oyundan əvvəl, yaxud sonra kimisə təhqir etməyə, yaxud əl qaldırmağa hüququ yoxdur.

- Qarşıdakı turda “Neftçi” və “Xəzər Lənkəran”ın oyunları təxirə salınacaq?
- “Xəzər Lənkəran”ın “Simurq”la ev oyunu təxirə salınacaq. Bu da Lənkəran şəhər mərkəzi stadionunun orada keçiriləcək 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatının final mərhələsinin oyunları ilə əlaqədar bağlanmağıdır. Bununla əlaqədar bizə rəsmi məktub daxil oldu. Biz də bunu nəzərə alaraq, Lənkərandakı oyunu təxirə saldıq. Bunu PFL yox, Azərbaycan futbolu üçün edirik. Hər halda, ölkəmizdə keçiriləcək belə mötəbər turnirin yüksək səviyyədə keçirilməyində hamımız öz töhfəmizi verməkdə maraqlı olmalıyıq.

- Həmin matçın Zaqatalada keçirilməsi variantı var idi?
- Buna hər 2 klubun razılığı olmağı lazım idi.

- “Xəzər Lənkəran” – “Simurq” matçının nə vaxt keçirməyi nəzərdə tutulub?
- Sentyabrın 20-də.

- Təqvimə görə, “Neftçi” Avroliqada APOEL-lə görüşdən 2 gün sonra Premyer Liqada AZAL-la səfər oyununa çıxmalıdır. Bu, nə dərəcədə realdır?
- Buna baxıb, qərar verəcəyik. Bildiyiniz kimi, çempionatımızın əsasnaməsində belə bir bənd daxil etmişik ki, avrokuboklarda klublarımızın oyunlarının təxirə salınmağına ehtiyac olarsa, bu, qarşı tərəfin razılığı olmadan edilə bilər.

- Azərbaycandakı dünya çempionatı ilə bağlı Bakı klublarının ev oyunlarını harada keçirilməyinə, əyalətdən istifadə edilməyinə aydınlıq gəlibmi?
- Həmin vaxt paytaxtdakı stadionlar bağlı olaraq, dünya çempionatının iştirakçılarının ixtiyarına veriləcək. Bununla əlaqədar Bakıya yaxın yerlərdən, məsələn Sumqayıtın stadionundan istifadə oluna, AZAL orada oynaya bilər.

Mehman SÜLEYMANOV