“HAPOEL” - biabırçılıq! Bəs APOEL?
22.08.2012 - 17:20
“HAPOEL” - biabırçılıq! Bəs APOEL?
Sabah Avroliqada sonuncu təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Bakı”, “İnter” və “Xəzər Lənkəran”ın bu yarışdan kənarda qalmasından sonra daha bir komandamız - Çempionlar Liqasında (ÇL) təmsilçimiz olmuş “Neftçi” də mübarizəyə başlayır.

Qitənin ən nüfuzlu klub turnirinə II mərhələdən qoşulan “ağ-qaralar” “Zestafoni”ni (Gürcüstan) yenəndən (3:0; 2:2) sonra “Hapoel”lə (İsrail) bacarmadı. İsraildə biabırçı hesabla (0:4) uduzan komandamızın gücü evdə yalnız heç-heçəyə çatdı – 2:2. Ancaq qaydaya görə, ÇL-də III mərhələyə çıxan komanda məğlub olduqdan sonra mübarizəni Avroliqada davam etdirir.

Bu dəfə rəqib “Neftçi”yə yaxşı tanış olan APOEL-dir. Bakılıların hələ 17 il öncə artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunda üzləşdiyi Nikosiya təmsilçisi ötən mövsüm ÇL-də 1/4 finala kimi irəliləsə də, Madrid “Real”ı tərəfindən dayandırıldı. Avrokuboklarda yenə qrup mərhələsinə düşməyə çalışan APOEL ilk oyununu səfərdə keçirməli olacaq.

Əslində, püşkə əsasən IV təsnifat mərhələsinin ilk matçında kiprlilər meydan sahibi olmalı idilər. Ancaq sonradan UEFA oyunlarının yerlərini dəyişdirdi.

“Zestafoni” ilə matçda “ağ-qaralar” məhz evdə qazandıqları 3:0 hesablı qələbə ilə cütün taleyini həll etdilər. Ancaq indiki rəqib çox güclü olduğundan, “Neftçi”ni daha çətin sınaq gözləyir. Bu mənada öz meydanındakı nəticədən çox şey asılı olacaq. Çünki evdə güclü azarkeş dəstəyi altında daha inamlı təsir bağışlayan kiprlilərlə səfər oyununa üstünlüklə yollanmaq lazımdır.

“Neftçi” APOEL-lə sınaq öncəsi çempionatda 2 fərqli oyun keçirdi. Səfərdə “Qarabağ”a uduzan komanda evdə “Qəbələ”yə böyük hesabla qalib gəlməklə, psixoloji durumunu yaxşılaşdırdı. Bakılıların əsas qol ümidi, ötən çempionatımızın bombardiri olan Bahodir Nasimov Özbəkistandan komandanın düşərgəsinə qayıdıb. Ancaq vətənində müalicə olunan hücumçu zədədən sonra tam hazır olmadığından, hələ ki komandasına kömək edə bilmir.

Əvəzində braziliyalı yarımmüdafiəçi Rodriqinyo uzun fasilədən sonra yaşıl meydana qayıdaraq, “Qəbələ” ilə matçda iştirak edib. “Neftçi” son transferi olan millimizin müdafiəçisi Mahir Şükürovu Avroliqa oyunları üçün iştirak ərizəsinə daxil edə biləcək.

Qeyd edək ki, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək “Neftçi” – APOEL oyununu polşalı Robert Malekin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edəcək.