Gülər çətin gülə
23.08.2012 - 13:58
Gülər çətin gülə
Sabah baş tutacaq 1 oyunla Premyer Liqada IV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, təqvimdə edilən dəyişikliklər cümə və şənbə günlərində yalnız bir matçın keçirilməyi ilə nəticələnib. Belə ki, AZAL – “Neftçi” görüşü 1 gün sonraya ertənəlibsə, “Xəzər Lənkəran” – “Simurq” matçı ümumiyyətlə təxirə salınıb.

Tur paytaxtda start götürəcək ki, arxada qalan 3 turda qələbə üzünə həsrət qalan “Rəvan” ev oyunlarını keçirdiyi “Dalğa Arena”ya bu dəfə qonaq kimi çıxacaq. Çünki “Qarabağ” cari mövsümdə rəqiblərini hələlik bu stadionda qəbul edir. Ötən tur Sumqayıtda eyni adlı komandanı rüsvayçı hesabla (6:1) yenən “Qarabağ”ın bu dəfə də çətinlik çəkmədən qələbə qazanacağı gözlənilir. Bununla, işləri heç də rəvan olmayan “Rəvan”ın baş məşqçisi Cevat Gülərin başını üstünü qara buludlar almış olacaq.

Çempionluğa iddialı “İnter” yenidən əyalətə yollanır. Bundan əvvəl səfərdə “Qəbələ”yə uduzmuş “bankirlər” bu dəfə Tovuz stadionunda meydana çıxacaqlar.

“Qəbələ” isə bu dəfə “Sumqayıt”ı qonaq edəcək. Komandalar ötən turdakı böyük hesablı məğlubiyyətlərin əvəzini öz aralarındakı oyunda çıxmağa çalışacaqlar. “Bakı” – “Kəpəz” oyunu qonaqların yeni baş məşqçisi Mahmud Qurbanovun debütü baxımından diqqət çəkir.

Tura mərkəzi oyunla yekun vurulacaq. III turdan sonra “Qarabağ” kimi 7 xalla şərlikli lider olan AZAL Şüvəlandakı stadionunda son çempionu qəbul edəcək. “Neftçi”ni Avroliqanın son təsnifat mərhələsində Kiprin APOEL klubu ilə oyunlar arasında “təyyarəçilər” də sınağa çəkəcək.

Bununla, vaxtilə millimizlə birgə çalışan məşqçilər – Vaqif Sadıqovla Böyükağa Hacıyevin dueli gerçəkləşəcək. Sadıqov eyni zamanda 2010-cu ilin martında “Neftçi”nin baş məşqçisi postundan gedəndən sonra ilk dəfə keçmiş komandasına rəqib olacaq.

24 avqust

20:00. “Qarabağ” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Vaqif Musayev, Vüsal Əliyev
Bakı. “Dalğa Arena” stadionu

25 avqust

18:00. “Turan” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Elman Musayev, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu

26 avqust

19:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Azər Əsgərov, Əliyar Ağayev
Qəbələ. Şəhər stadionu

20:00. “Bakı” – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Salmanov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

20:15. AZAL – “Neftçi”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Elşən Acalov, İnqilab Məmmədov
Bakı. “AZAL Arena” stadionu