Avroliqada qələbə həsrətimiz
24.08.2012 - 09:14
Avroliqada qələbə həsrətimiz
Azərbaycan klubları Avroliqada debütlərində qələbəyə həsrət qalıblar. Apasport.az saytının məlumatına görə, bu uğursuz tendensiya “Neftçi”nin siftəsində də müşahidə olunub. Belə ki, UEFA kuboku 2009-cu ildə bu adı daşıyandan sonra orada 6 komandamız debüt etmişdi. “Neftçi” 7-ci təmsilçimiz oldu və son transferi, avrokuboklarda qol hesabını penaltidən açan müdafiəçi Mahir Şükürovun sayəsində tarixi qələbəyə yaxın olsa da, cəmi 1 dəqiqə sonra buraxdığı topla heç-heçə ilə kifayətlənməli oldu.

Özü də ilk oyunlarımızda daha çox bərabərlik olub – 4 dəfə. Bunlardan son ikisini eyni hesabla – 1:1 olmağı diqqət çəkir. Qalan 3 dəfə siftədə uduzmuşuq ki, bunlardan “Bakı”nın məğlubiyyəti fərqlidir. Məsələ ondadır ki, “zolaqlılar” Avroliqada debütündə 2:1 hesablı əzmkar qələbə qazanmışdı. Ancaq kamerunlu futbolçu Joel Epallenin cəzası bitmədiyi halda meydana çıxdığını aşkarlayan UEFA sonradan “Bakı”ya 0:3 hesablı texniki məğlubiyyət verdi.


Klublarımızın Avroliqada debütləri
2009/10 mövsümü
“Rusenborq” (Norveç) – “Qarabağ” – 0:0
“Spartak” (Slovakiya) – “İnter” – 2:1
“Simurq” – “Bney Yehuda” (İsrail) – 0:1

2010/11 mövsümü
“Bakı” – “Buduçnost” (Çernoqoriya) – 0:3 (texniki məğlubiyyət)
“Olimpiya” (Moldova) – “Xəzər Lənkəran” – 0:0

2011/12 mövsümü
AZAL – “Minsk” (Belarus) – 1:1

2012/13 mövsümü
“Neftçi” – APOEL (Kipr) – 1:1