“Heç kim Azərbaycanla matçın çətinliyini dərk edə bilməz” - MÜSAHİBƏ
24.08.2012 - 12:41
“Heç kim Azərbaycanla matçın çətinliyini dərk edə bilməz” - MÜSAHİBƏ
İsrail millisinin baş məşqçisi Eli Qutman ölkə mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, DÇ-2014-ün seçmə mərhələsi ərəfəsində komandasının durumu və Bakıda millimizə qarşı keçiriləcək oyun barədə fikirlərini açıqlayıb.

- Gələn ay DÇ-2014-ün seçmə mərhələsi start götürür. Komandanı bu məsul yarışa nə dərəcədə hazır sayırsınız?
- Bizim komandada superulduz yoxdur. Hansısa futbolçunun fərdi oyununa deyil, komanda oyununa üstünlük veririk. Bunun üzərində çox işləyirik. Kənardan baxanda modern üslubda tamaşa üzərində çalışdığımız görünür.

- Qarşıdakı seçmə mərhələdə hansı taktiki sxemə üstünlük verəcəksiniz?
- Bizim üçün konkret oyun sxemi yoxdur. İstəsək 4-4-2 oynayarıq, istəsək 4-3-3.

- DÇ-2014-ün seçmə mərhələsində ilk oyunu Azərbaycan yığmasına qarşı keçirəcəksiniz. Bu matç haqda nə düşünürsünüz?
- Heç kim Azərbaycan millisi ilə oyunun nə dərəcədə çətin olacağını tam reallığı ilə dərk edə bilməz. Bu yığma çox təşkilatlanmış, yaxşı qurulmuş komandadır. Əlbəttə, Bakıya yaxşı nəticə qazanmaq üçün gedəcəyik. Buna nail olmaq üçün oyunun tempinə nəzarət edib, topla daha yaxşı rəftar etməliyik.

- Seçmə oyunlarda heyətdə dəyişikliklər çox olacaq?
- Avqustun 15-də Macarıstanla yoxlama oyunu ilə müqayisədə seçmə matçlarda müəyyən dəyişikliklər ola bilər. Belə şeylər mütəmadi olaraq baş verir. Onların elələri olur ki, məcburi olur. Məsələn, əməliyyata məruz qalan Rami Qerşon kimi. Hər oyunçunun milliyə can atması məni ən çox sevindirən məqamdır.

- Millidəki kadr seçimindən nə dərəcədə razısınız?
- Sərəncamımda əla oyunçular var. İnkişafı özünüz görürsünüz. Tomer Hemed ildən-ilə daha yaxşı oyun göstərir. Macarıstanla qarşılaşmada da möhtəşəm çıxış etdi. Millidə elə yaradıcı oyunçularımız da var ki, meydanda idmançıya xas hirs nümayiş etdirir. Lior Rafaelov kimi.

- Milliyə cəlb oluna biləcək yeni simalar varmı?
- Hen Ezranı qeyd edə bilərəm. O, daha təcrübəli futbolçulardan heç nə ilə geri qalmır. Çox xoşbəxtəm ki, mənə belə oyunçulardan yararlanmaq nəsib olub.

- Futbolçuların fiziki keyfiyyətləri ilə yanaşı, psixoloji durumundan razısınızmı?
- Mənim komandamda qorxaq, sadəlövh futbolçu yoxdur. Oyunçularımızın hamısı əsl döyüşçüdür. Seçimlə bağlı böyük işlər görmüşəm. Az qala hər oyunu izləmişəm ki, lazım olan futbolçuları müəyyənləşdirim.