Ceyhun Sultanov: Belə müdafiə ilə hər oyunda 3-4 top buraxacağıq - MÜSAHİBƏ
27.08.2012 - 15:04
Ceyhun Sultanov: Belə müdafiə ilə hər oyunda 3-4 top buraxacağıq - MÜSAHİBƏ
“Sumqayıt”ın futbolçusu Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- Premyer Liqada arxada qalan 4 turu necə dəyərləndirirsiz?
- Son iki oyunda böyük hesabla məğlub olduq. Xüsusilə də “Qəbələ” ilə matçda hesab oyuna görə olmadı. Müdafiədə kobud səhvlərə yol verdik. Rəqib iki standart vəziyyətdən oxşar qollar vurdu.

- Son iki oyunda 10 top buraxmağınızı necə başa düşək?
- Bizim müdafiə xəttində ciddi problemlərimiz var. Əgər iki oyuna 10 top buraxırıqsa, bunun başqa adı yoxdur. Necə izah etmək olar?

- Arxa xətdə bu qədər səhvlərə yol verməyiniz nədə irəli gəlir?
- Hər bir komandanın əsası müdafiədir. Gərək arxa xətdə səhvsiz, diqqətli oynayasan. Çünki müdafiən güclü olsa, qol vurmağa imkan tapacaqsan. Hər bir oyunda fərqlənmək üçün mütləq şans yaranır. Necə olur ki, Qəbələdə qol vururuq, sonra da 4-ü buraxırıq?

- Baş məşqçi hansı iradları bildirib?
- Bu suala baş məşqçinin özü cavab versə yaxşıdır. Sadəcə, onu deyə bilərəm ki, belə müdafiə ilə hər oyunda 3-4 top buraxacağıq. Komanda istənilən anda top buraxa bilir.

- Hücum xətti haqda isə xoş sözlər demək olar...
- Əsas odur ki, müdafiədə diqqətli oynamalıyıq. Yenə deyirəm, qol vurmaq üçün imkanımız olacaq. Sadəcə, buraxmamaq lazımdır. Qol buraxırıqsa, deməli vurduğumuzun dəyəri qalmır.

- Mövsümlərarası fasilədə heyətə kifayət qədər yeni oyunçular cəlb edilib. Onlar tam uyğunlaşıblarmı? Bəlkə problemi bunda axtarmaq lazımdır?
- Hələ uyğunlaşma istənilən səviyyədə deyil. Bu da müəyyən qədər vaxt aparır. Həm də komandada gənc oyunçular çoxdur. Əsas odur ki, həmin gənclər məsuliyyət hiss etsinlər. Bir şeyi dərk etməlidirlər ki, komanda müdafiədə güclü oynamalıdır. Buraxılan səhvdən isə nəticə çıxarmaq lazımdır.

- Bu gün yeni transferə ehtiyac varmı?
- Bəli, transferə ehtiyac var. Həmin oyunçular arxa xəttin gücləndirilməsi üçün komandaya cəlb edilməlidirlər.

- Heyətə nəzər salarkən “Sumqayıt”da Aftandil Hacıyev, Samir Abasov kimi təcrübəli müdafiəçilər var..
- Samir daha çox dayaq yarımmüdafiəçisi kimi çıxış edir.

- Bəs oyunundan necə razısınızmı? Çünki “Sumqayıt” sənin üçün də yeni komandadır. İstədiyin oyunu nümayiş etdirə bilirsiniz?
- Hələ istədiyimi meydanda edə bilmirəm. Uşaqlar mən istəyən futbolu oynamırlar. Söhbət gənclərdən gedir. Onlar daha çox fərdi planda oyuna üstünlük verirlər. Futbol anlayışları o qədər də yüksək deyil. Hələ bişməyiblər. Vaxt lazımdır.

- Gənclərdən yaxşı mənada kimləri fərqləndirə bilərsiniz?
- Hamısı perspektivli oyunçulardır. Baxırsan ki, “qabları”nda bir şey var. Sadəcə, təcrübəsizlik və xarakter çatışmazlığı əhəmiyyətli dərəcədə rol oynayır. Bilirsiniz, “Xəzər Lənkəran”, “Neftçi” kimi komandalarda oynamaq asandır. Bu gün belə gənclərlə oynamalı, onları qaldırmağa çalışmalıyıq.

- Azarkeşlər necə, komandaya lazımi dəstək verirlərmi?
- Onlara təşəkkür edirəm, həqiqətən də komandaya dəstək verirlər. 1:4 hesabı ilə uduzanda da onlar komandanı ruhlandırırdılar. Başa düşürlər ki, gənclər üstünlük təşkil edir, gələcəyin komandasıdır, bir müddət çətinlik olacaq.

- Təcrübəli futbolçu kimi, hansısa məsləhətlər verirsən?
- Oyundan qabaq hər dəfə deyirsən ki, bunu etmək olmaz. Ancaq yenə edirlər. Gec qavrayırlar. Bizim buraxdığımız qollara baxın. Müdafiəçi başı ilə aparıb qol vurur, oyunçu durub baxır. Deməklə, düzəlmir.

- Bu cür məğlubiyyətlər gənclərdə vərdiş yarada bilərmi?
- Hər uduzanda gecəni yata bilmirəm. Nəyə görə, 1:6, 1:4 hesabı ilə uduzmalıyıq. Gənclərə görə hardasa bununla barışıq. Amma belə də olmaz. “Qəbələ” bizdən beş dəfə güclü deyildi, nə də üstün oynayırdı. Uşaqlar bişəndən sonra düzələcək.