Rail Məlikov: Nə vaxtsa “Dənizlispor”da oynayacağım ağlıma gəlməzdi
28.08.2012 - 09:31
Rail Məlikov: Nə vaxtsa “Dənizlispor”da oynayacağım ağlıma gəlməzdi
“Türkiyəni vətənim kimi görürəm. Dənizliyə gəldiyim üçün çox xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bunu millimizin sabiq futbolçusu, dünən Türkiyənin “Dənizlispor” klubu ilə anlaşan Rail Məlikov deyib.

Son 5 mövsümdə şərəfini qoruduğu “Neftçi” ilə yollarını ayıran 26 yaşlı müdafiəçi karyerasını ilk dəfə xaricdə davam etdirəcək.

Rail bildirib ki, hazırda Türkiyənin I liqasında mübarizə aparan “Dənizlispor” klubunu UEFA kubokunda çıxış etdiyi dövrdən tanıyır: “Dənizlispor”un UEFA kubokunda “Lion”la oyununu uşaq olanda izləmişdim. Onda 14-15 yaşım vardı. “Lion”a qalib gələn zaman çox sevinmişdim. Bir gün “Dənizlispor”da forma geyəcəyim ağlıma gəlməzdi. Bura uğurlu olmağa gəldim. Hədəfimiz Superliqaya çıxmaqdır”.

Məlikov 43 dəfə formasını geydiyi millimizin heyətində Türkiyə yığmasına qarşı 2 dəfə oynadığını da xatırlayıb: “Həmin oyunlardan Bakıda 1:0 hesabı ilə qalib gəlmiş, Kayseridə 0:2 hesabı ilə uduzmuşduq. Qalib gəldiyimiz matçda Tuncay Şanlı isə ikili mübarizədə zədələndim”.