“Azərbaycan yığması beynəlxalq təcrübəyə malikdir” - MÜSAHİBƏ
28.08.2012 - 16:44
“Azərbaycan yığması beynəlxalq təcrübəyə malikdir” - MÜSAHİBƏ
17 yaşadək qızlardan ibarət Kolumbiya millisinin baş məşqçisi Felipe Taborda vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, gələn ay ölkəmizdə start götürəcək dünya çempionatı haqda danışan cənubi amerikalı mütəxəssis eyni qrupda yer aldıqları millimiz barədə fikirlərini də açıqlayıb.

- Artıq gələn ay dünya çempionatı start götürür. Mundialdan nə gözləyirsiniz?
- Püşk nəticəsində çox çətin qrupa düşmüşük. Yetirmələrimizin bütün rəqiblərlə mübarizə aparacağına, döyüşəcəyinə əminəm. Növbəti mərhələyə çıxmaq iddiasındayıq və bunun üçün hər şey edəcəyik.

- Çempionatın açılış oyununda meydan sahibi Azərbaycan millisi ilə görüşəcəksiniz. Rəqib haqda nə bilirsiniz?
- Azərbaycan yığması beynəlxalq təcrübəyə malik komandadır. Üstəlik, onların böyük motivasiyası da olacaq. Bu, meydan amili ilə bağlıdır.

- A qrupundakı digər rəqibləri necə dəyərləndirirsiniz?
- Nigeriya millisi çox güclü komandadır. Onlar həm fiziki göstəriciləri ilə üstündür. Həm də sürətli oynayırlar. Kanada yığmasının isə Meksika ilə son matçının kasetini izləmişəm. Onların çox yaxşı oynadığını deyə bilərəm.

- Bu rəqiblərə qarşı necə oynamaq fikrindəsiniz?
- Öz oyun üslubumuza sadiq qalacağıq. Azərbaycanda da oyun fəlsəfəmizə uyğun çıxış edəcəyik. Bu isə dinamik, sürətli və texnikalı oyundan, topa nəzarət etməkdən ibarətdir. Yaxşı bilirəm ki, bunu bacarırıq və bu yolla rəqiblərimizin qarşısına çıxa bilərik.

- Komandanızın gücünü nədə görürsünüz?
- Futbolçularım topla oyunu sevirlər. Onlar çox istəklidirlər. Çempionatın başlamasını səbirsizliklə gözləyir, Azərbaycana can atırlar. Düşünürəm ki, orada qazanacağımız nəticə ilə Kolumbiya qadın futbolu haqda fikir formalaşdıra biləcəyik.