İvan Yovanoviç: “Neftçi”dən sürpriz gözləmirəm - MÜSAHİBƏ
29.08.2012 - 14:02
İvan Yovanoviç: “Neftçi”dən sürpriz gözləmirəm - MÜSAHİBƏ
APOEL klubunun baş məşqçisi İvan Yovanoviç Avropa Liqasının IV təsnifat mərhələsinin “Neftçi” ilə sabahkı oyunu ərəfəsində mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis qarşılaşma haqda danışıb.

- “Neftçi” ilə görüş haqda nə düşünürsünüz?
- Nikbin insanam, həmişə yaxşı nəticə haqda düşünürəm. Sabahkı oyun da istisna deyil. İnanıram ki, qrup mərhələsinə biz çıxacağıq. İlk matçda “Neftçi” bizə müəyyən çətinliklər yarada bildi. Lakin doğma azarkeşlərimiz önündə üstünlüyümüz olacaq. Biz bu dəstəyin sayəsində mərhələ keçməyə daha şanslıyıq.

- Komanda Bakıdakı qarşılaşmada zəif çıxış etdi. Yəni, ötən mövsümkü oyunu göstərmədi...
- Heyətdə adi bir dəyişiklik olanda, bu özünü göstərir. Biz isə müəyyən islahatlar apardıq. Daha çox dəyişiklik edəndə bilirdik ki, oyunumuza təsir edəcək. 3-4 yoxlama oyunu və Avropa Liqasının matçları da bunu təsdiqlədi. Mövsümün əvvəlində üzləşdiyimiz zədələr isə vəziyyəti daha da qəlizləşdirdi. Lakin heç nə olmayıb. “Neftçi”ni udub qrupa düşəcəyik.

- Bakıdakı oyunu yaxşılaşdırmaq üçün nəsə edəcəksiniz?
- Əlbəttə. Çünki daha yaxşı oynamaq potensialımız var. Bakıdakı oyun isə mənim üçün nümunə deyil. Öz işimizi görüb, oyundan-oyuna artıracağıq.

- “Neftçi”dən hansı oyunu gözləyirsiniz?
- “Neftçi”dən sürpriz gözləmirəm. Əvvəlki oyunlarında etdiyini, yəni bacardığını etməyə çalışacaq. Bizim meydanda da topa nəzarət edib, oyunu diktə edən tərəf olmaq istəyəcək. Lakin biz də buna imkan verməyərək, öz oyunumuzu göstərəcəyik.

- Bəs futbolçularımızdan nə gözləyirsiniz?
- İndi çox vacib andır. Cəmi 1 oyun qalıb ki, udub qrupa düşək. Belə məsuliyyətli anda futbolçular da durumu yaxşı başa düşürlər. Onlar da mərhələni keçmək üçün əllərindən gələni edəcəklər.

- Mövsüm yeni başlasa da, zədələr sıralanmaqda davam edir...
- Solari, Oliveyra və Ayltonun durumu məni narahat edir. Yeganə təsəllimiz isə Mandukanın məşqlərə qatılmasıdır. Zuelanın zədəsi isə o qədər ciddi deyil. Maksimum 1-2 oyun bizə kömək etməyəcək. Onu sabah meydana buraxıb-buraxmamaqla bağlı isə hələ qərar verməmişəm.