“Penaltilər olarsa, 100 faiz “Neftçi” qalib gələcək” – MÜSAHİBƏ
29.08.2012 - 14:30
“Penaltilər olarsa, 100 faiz “Neftçi” qalib gələcək” – MÜSAHİBƏ
“Neftçi” klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviçin apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşına müsahibəsi

- Avroliqanın son təsnifat mərhələsində APOEL-lə cavab oyunundan nə gözləyirsiniz?
- Çox çətin olacaq. Ancaq bura böyük ümidlərlə gəlmişik. Məqsədimiz qrup mərhələsinə düşməkdir.

- Kipr təmsilçisini keçmək üçün necə oynamaq lazımdır?
- Əgər Bakıdakı kimi oynasaq, qalib gəlmək şansımız olacaq. Əslində, biz evdə rəqibdən yaxşı oynamışdıq. Hesabı da biz açmışdıq. Ancaq bəxtsizlikdən sonda qol buraxdıq. Artıq həmin matç arxada qalıb. Biz indi cavab oyununu düşünürük.

- Rəqib kimi, APOEL-i necə dəyərləndirərdiniz?
- Yaxşı komandadır. Bilirik ki, yaxşı qapıçıları var. Həmkarımın oyununu Bakıda gördüm. Əsas odur ki, bəxt də bizim tərəfdə olsun. Əgər belə olarsa, qalib gəlmək şansımız çox olacaq.

- Qrupa düşmək üçün mütləq səfərdə qol vurmalıyıq. Çünki evdə buraxdığımız qolun əvəzini çıxmaq lazımdır...
- Bunu edə bilərik. Bizə qol vurmaq çox vacibdir və bunu yaxşı başa düşürük. Çalışacağıq ki, bunu reallaşdırıb, mərhələ adlayaq.

- Həmin qolu vurmaq üçün ilk dəqiqələrdən irəli atılmalıyıq, yoxsa ehtiyatlı oynayıb, rəqibi əks-hücumlarda yaxalamaq lazımdır?
- Futbol 90 dəqiqədən ibarətdir və sona, hakimin final fitinə kimi mübarizə aparmaq lazımdır. Bilirik ki, cavab oyunu 0:0 hesabı ilə nəticələnərsə, rəqib qrupa düşəcək. Çünki kiprlilər səfərdə qol vurduğundan, üstünlük qazanacaq.

- Oyunun taleyi əlavə vaxta, penaltilərə kimi uzana bilər?
- Penaltilərə hələ çox var. Buna qədər bizi 90 dəqiqə əsas vaxt gözləyir. Ehtiyac olarsa, 30 dəqiqəlik əlavə vaxt təyin ediləcək. Yəni penaltilərə kimi meydanda 120 dəqiqəlik mübarizə var. İstəyirik ki, oyunda qalib gələk.

- Əgər penaltilər seriyası, onda əsas yük siz qapıçıların üzərinə düşəcək. Bu zaman komandanın qalib gəlməyinə kömək edə bilərsiniz?
- Bəli. Əgər penaltilər seriyası olacaqsa, “Neftçi” yüz faiz qalib gələcək.

- Bu əminlik nədən irəli gəlir?
- Özümə güvənirəm və penaltilər seriyasında ustalığımı göstərə bilərəm.

Mehman SÜLEYMANOV
Nikosiya