Mirhüseyn Seyidov: Biz Kiprə elə belə gəlməmişik - MÜSAHİBƏ
29.08.2012 - 23:09
Mirhüseyn Seyidov: Biz Kiprə elə belə gəlməmişik - MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Mirhüseyn Seyidovun apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşına müsahibəsi

- Avroliqanın son təsnifat mərhələsində APOEL-lə cavab oyunu öncəsi əhval-ruhiyyəniz necədir?
- Çox gözəl. İlk oyunu yaxşı keçirdik. Bakıda qələbəyə layiq oynadıq. Həmin oyunun davamını burada da gətirməliyik. Hamı məsuliyyəti yaxşı bilir ki, bu oyunda qalib gəlməliyik. Ola bilər ki, oyunumuz yaxşı olmasın. Ancaq əsas nəticədir, mərhələni keçib, qrupa düşməkdir.

- Bunun üçünsə səfərdə qol vurmaq lazımdır. Yarımmüdafiəçi kimi bunu necə görürsünüz?
- Kiprdə ən azından 1 qol vurmalıyıq. Bunun üçün hücum etməlisən. Ancaq bu, o demək deyil ki, ilk dəqiqələrdən irəli atılaq, qol vuraq. Yox, oyunda getdikcə şansını axtarmalısan. Ən azı bir yaxşı, nəticə verən hücum qurub, qol vurmaq və üstünlüyünü qorumaq lazımdır.

- Siz son vaxtlar yaxşı formada olan Cavid İmamverdiyevlə adətən bir-birinizi əvəzləyirsiniz. Bu dəfə start heyətində yer almaq şansınızı necə görürsünüz?
- Bu, baş məşqçinin işidir. Yenə də şansımı gözləyirəm. Baş məşqçi necə məsləhət görsə, 10 dəqiqə də olsa meydanda olub, komandama kömək istəyirəm. Bu şansı əldən verməmək üçün əlimdən gələni edəcəyəm.

- Evdə güclü azarkeş dəstəyinə malik olan APOEL-ə qarşı oynamaq çətin olmayacaq ki?
- Düzdü, onlar evdə çox yaxşı oynayırlar, aqressiv komandadır. Ancaq rəqibə səfərdə qalib gəlmək olar. Bu, futbolda gözlənilən, gözlənilməz hər bir nəticə olur. Biz də bura elə-belə gəlməmişik ki, çıxaq, APOEL üçün asan oyun olsun. Qrupa düşməyimiz üçün əlimizdən gələni qədər çalışacağıq.

- Sizcə, oyunun taleyinə 90 dəqiqəlik əsas vaxtda aydınlıq gələcək, yoxsa bu, penaltilər seriyasına kimi uzanacaq?
- Məncə, məsələ 90 dəqiqə həll ola bilər. Çünki inşallah, qol vursaq, üstünlüyümüzü saxlasaq, sonda istəyimizə çatacağıq. Hesabı biz açsaq, böyük üstünlük qazanacağıq. Çalışacağıq ki, ilk qolu biz vuraq. Ancaq ən vacib odur ki, müdafiədə səhvlər buraxmayıb, ilk növbədə öz qapımızı toxunulmaz saxlayaq. Çünki Bakıda məhz öz səhvimizdən sonra qol buraxıb, qələbəni əldən verdik.

Mehman SÜLEYMANOV
Nikosiya