“Söyənlə söyüləni müdafiə edənə eyni cəza vermək...” - MÜSAHİBƏ
29.08.2012 - 23:02
“Söyənlə söyüləni müdafiə edənə eyni cəza vermək...” - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- “Transfer pəncərəsi”nin sonuna 2 gün qaldı. Bu müddətdə komandanızın yeni futbolçu ilə güclənəcəyini gözləmək olar?
- Beto ilə anlaşmışıq. Yalnız futbolçunun tibbi müayinədən keçməsi qalıb. Hücumçu ilə 1 illik müqavilə imzalayacağıq. Lakin anlaşmaya əsasən, müqavilə sonradan artırıla da bilər.

- Rauf Əliyevin keçidi niyə baş tutmadı?
- Biz Raufun müqavilə ilə məxsus olduğu “Qarabağ”la razılaşmışdıq. Elə futbolçunun özü ilə də müqavilənin şərtlərində anlaşmışdıq. Lakin Rauf “Qarabağ”la uzunmüddətli müqaviləsinin pozulmasını həll etməli idi. Əliyev klubu ilə razılıq əldə edə bilmədiyindən bu məsələ qaldı.

- Bu məsələ qışda yenidən gündəmə gələ bilər?
- Yəqin ki, qış “transfer pəncərəsi”ndə bu məsələyə yenə qayıdacağıq.

- Belə çıxır ki, Betonu Raufun keçidi alınmadığı üçün transfer etdiniz...
- Hər ikisi ilə danışıqlar paralel aparılırdı. Elə alındı ki, Beto ilə anlaşdıq, Rauf isə alınmadı. Çox istərdik ki, millinin üzvü, Azərbaycanın ən perspektivli futbolçularından biri olan Əliyev də komandamıza keçsin. Əlbəttə, hər 2 transfer alınsaydı, lap yaxşı olardı.

- Rumıniyalı müdafiəçi Ştefan Qriqorinin keçidi baş tutacaqmı?
- Onunla ilkin anlaşmamız var. Lakin transfer haqda danışmaq hələ tezdir. Çünki keçidin alınmaq ehtimalı 50 faizdir. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək.

- Kamran Ağayev transferə çıxarılmasından xeyli vaxt keçir. Onun hansısa komandaya transferi gündəmdədir?
- O, hələlik əsas komandadan kənarlaşdırılıb. Müqavilə ilə bizə məxsus olduğu üçün biz anlaşmanın bütün şərtlərinə əməl edir, o cümlədən, məşq keçmək üçün şəraitlə təmin edirik. Kamran klubun düşərgəsinə gəlib, əvəzedicilərlə məşq edə bilər.

- Amma Ağayev əvəzedicilərin məşqinə qatılmır...
- Düzdü, qatılmır. Başqa klubların heyətində məşq edir. Kamran Ağayevin hərəkəti qaydalara ziddir. Bir klubla müqaviləsi olan futbolçu başqa komandada hazırlıq keçə bilməz.

- Bununla bağlı hansı addım atacaqsınız?
- Artıq AFFA-ya yazılı şəkildə müraciət etmişik ki, Kamran bizim icazəmiz olmadan başqa klubların heyətində məşq edir. Yəqin ki, onlar da lazımi qərar çıxaracaq.

- Premyer Liqanın IV turunun “Simurq”la oyunu təxirə salınandan sonra müəyyən mülahizələr yayılıb. Təxirəsalınmanın təşəbbüskarı kimi “Xəzər Lənkəran” göstərilir...
- 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlı stadionumuzun həm əsas, həm də yardımçı meydanlarında təmir işləri aparılır. Biz xeyli əvvəl AFFA ilə razılaşmışdıq ki, bu müddətdə evdə keçirməli olduğumuz oyunları rəqib meydanında keçirəcəyik. Bu razılığa əsasən “Simurq”la oyun Zaqatalada olmalı idi.

- Bəs oyun Zaqatalada niyə baş tutmadı?
- “Simurq” öz stadionunda tikinti işləri apardığını bildirərək, oyunu qəbul etmək istəmədi. Bizə ev oyunumuzu Bakıda keçirmək təklif etdilər. Biz də bununla razılaşmadıq.

- Maraqlıdı, matçın təxirəsalınmasının əsas səbəbkarı “Simurq” olduğu halda, komandanızın adı hallanır...
- PFL oyunun təxirəsalınması ilə bağlı qərar qəbul edəndən sonra “Simurq” oyunun Zaqatalada keçirilməsinə razılıq verdi.

- Tikinti işləri belə tez başa çatmışdı ki?
- Bilmirəm, gedib tikinti ilə maraqlanası deyilik... Amma artıq planlarımızı qurmuşduq. Yenidən oyunun keçirilməsinə razı ola bilməzdik.

- AFFA-nın İntizam Komitəsi Elnur Allahverdiyevi cəzalandırandan sonra Apellyasiya Komitəsinə müraciət etməmisiniz?
- Həmin epizodun videosunu, hər nə lazımdırsa təqdim etmişik. Məsələyə nə vaxt baxılacağını gözləyirik.

- Müdafiəçinizin cəzalanmasını necə qiymətləndirirsiniz?
- İntizam Komitəsi yenə öz repertuarındadır. Söyənlə söyüləni müdafiə edənə eyni cəza vermək yalnız təəssüf hissi doğurur. Hadisənin təşəbbüskarı ədalətli cəza almalı idi.

- Elnur isə əzəli rəqibiniz “Neftçi” ilə oyunu buraxmalı olacaq...
- Bəli, onu vacib oyun öncəsi cəzalandırdılar. Cəza verəndə atılan addımın məsuliyyətini dərk etməlidirlər. Elnur millinin futbolçusudur. Lap başqa oyunçu olsa da, heç nədən cəza verməzlər. AFFA rəhbərliyinə, Apellyasiya Komitəsinə bu cəza ilə bağlı öz təəssüfümüzü, narazılığımızı bildirdik.