Milli komandamız 7 futbolçunun yolunu gözləyir
30.08.2012 - 08:20
Milli komandamız 7 futbolçunun yolunu gözləyir
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələ oyunlarına tam heyətlə başlaya bilməyib. Millimizin məşqçisi Nazim Süleymanov apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşına açıqlamasında avqustun 28-də start götürən hazırlıqda 23 futbolçunun iştirak etdiyini bildirib. O, qalan 7 futbolçunun həftəsonuna kimi hazırlığa qatılacağını bildirib: “Bunlardan 6-sı xaricdə oynayan futbolçularımızdır. Rizvan Umarov İspaniyadan, Bədavi Hüseynov Rusiyadan, Əli Gökdənir Almaniyadan, Ufuk Budak, Cihan Özkara, Cavid Hüseynov Türkiyədən gələcək. Mahir Şükürov isə “Neftçi”nin Avroliqada APOEL-lə cavab matçından sonra millimizin sıralarına qatılacaq”.

Qeyd edək ki, milli komandamız seçmə mərhələyə sentyabrın 7-də İsraillə ev, 11-də Portuqaliya səfər matçı ilə başlayacaq.

Mehman SÜLEYMANOV
Nikosiya