“Azərbaycan yığmasının hücumçusu başımıza oyun açırdı”
30.08.2012 - 14:07
“Azərbaycan yığmasının hücumçusu başımıza oyun açırdı”
“Azərbaycanla yoxlama oyunlarına xüsusi hazırlaşmışdıq. Çox şadam ki, bu qarşılaşmalarda “Olimpiya” klubunu təmsil etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Viktor Mundraç deyib.

“Olimpiya” klubunun müdafiəçisi bir neçə gün əvvəl yığmamızla keçirilən yoxlama oyunları haqda fikirlərini açıqlayıb: “İlk oyunda 2:0 hesabı ilə qalib gəlsək də, matç boyu üzərimizdə təzyiq hiss edirdik. Yalnız final fitindən sonra rahat nəfəs ala bildik. Onların Rusiyanın “Anji” klubunda oynayan hücumçusu başımıza oyun açırdı, imkan vermirdi ki, nəfəsimizi dərək. İkinci oyunda Azərbaycan yığması səviyyəsini göstərib 3:0 hesabı ilə qalib gəldi. Oyuna köklənə bilməməyimizdən belə uduzsaq da qarşılaşmalardan müsbət hisslərimiz qaldı”.

Qeyd edək ki, Mundraçın təriflədiyi futbolçu Eldar Cankişiyevdir.