Sadıq Sadıqov: Uğurlarımızın ardı gəlsin - MÜSAHİBƏ
31.08.2012 - 00:54
Sadıq Sadıqov: Uğurlarımızın ardı gəlsin - MÜSAHİBƏ
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Avroliqada APOEL üzərində tarixi qələbədən sonra brifinq keçirib. Apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşının məlumatına görə, Sadıqov Azərbaycandan gələn jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi” Azərbaycan futbolunda tarixi uğura imza atdı, avrokuboklarda ilk dəfə qrup mərhələsində iştirak edəcəyik. Hansı hissləri keçirirsiniz?
- Sevincimin həddi-hüdudu yoxdur. Sizlər də sağ olasınız ki. bu gün qərib bir dövlətdə ətrafımızda olsun. Mən hər bir azərbaycanlını təbrik edirəm, uğurlarımızın ardı gəlsin. Bir daha bütün Azərbaycan xalqını təbrik edirəm.

- Hansı anda hiss etdiniz ki, bu oyun həll olunub?
- Vallah, 90 dəqiqənin sonuna kimi gərginlikdə oldum. Özünüz bilirsiniz ki, rəqibimiz necə komanda idi, ötən mövsüm Çempionlar Liqasında 14 finala kimi irəliləyib. Oyunda hər bir dəqiqənin hökmü var idi. Özünüz də gördünüz ki, oyunda çox böyük azarkeş kütləsi vardı, çox aqressiv idilər. Buna baxmayaraq, oyun 90 dəqiqə gərgin keçdi və komandamız da qələbə çaldı.

- Biz oyundan sonra paltardəyişmə otağında qələbənin qeyd olunmağını görə bilmədik. Orada komandaya nə dediniz? Ordakı atmosferi təsvir edərdiniz?
- (gülür) Ordakı atmosferi təsvir eləmək mümkün deyil. Bunu gərək görəsiniz. Çəkilişimiz olub, istəsəniz onu da sizə verərlər. Hər bir futbolçunun, inzibati işçinin uğurda böyük rolu var. “Neftçi”nin bütün heyəti orda idi. Sizə deyim ki, hamının əhval-ruhiyyəsi çox yüksək idi. Bu, tarixi qələbədir. Onun adı da onu göstərir ki, biz orda necə sevinmişik.

- Deyə bilərikmi, “Neftçi” APOEL-dən 17 il əvvəlki məğlubiyyətin qisasını aldı?. Komandanız avrokuboklarda debütünü məhz rəqiblə onun meydanında keçirərək, 0:3 hesabı ilə uduzmuşdu...
- Demək olar. Bu qələbə ilə avrokuboklarda ilk dəfə qrupa düşən komanda “Neftçi” oldu.

- “Neftçi” qrup mərhələsində iştirak edəcək və artıq bu gün püşkatmadır...
- Bəli. Biz bu gün missiyamızı yerinə yetirdik. Ancaq bu, o demək deyil ki, biz dayanmalıyıq. Yox, qarşıya baxırıq, ümidlərimiz böyükdür. Qrup mərhələsində də öz oyunumuzla xalqımızı, millətimizi sevindirməliyik. Mənə az öncə bir məlumat verdilər ki, Qafqazda ilk olaraq Avroliqanın qrup mərhələsinə düşən komanda “Neftçi”dir. Bizim üçün şox böyük uğurdur. Uğurlarımızın ardı gəlsin, xalqımızı sevindirək. Azərbaycan xalqı sevinməyə, bayram ab-havası ilə yaşamağa layiqdir. Sizə də çox minnətdarlığı bildirirəm ki, bu 2 günü komandanın yanında, futbolçulara böyük dəstək oldunuz. Sizin də böyük əməyiniz var, haqqınızı halal edin.

- 2:1-dən sonra qələbəyə inamınız azalmadı?
- Oyunun sona kimi gərgin və həyəcanlı olduğunu gördünüz. Düzdür, 2:1-dən sonra həyəcan artdı. Rəqib elə bir komandadır ki, onlardan hər bir sürpriz gözləyirdim. APOEL hesabda geridə olarkən 1-2 qol vurmağa qadir komandadır. Hər bir dəqiqədə hər şey ola bilərdi. Yadınızdadırsa, “Zestafoni” ilə səfər oyununda 15 dəqiqəyə 2 qol buraxdıq. Ancaq “Neftçi” indi buna imkan verməyərək, öz oyununu oynadı. Allaha qurban olum ki, bu gün bizim üçün çox yaxşı oldu. Məşqçilər heyəti çox düzgün taktika seçmişdi, oyunumuz alındı və qələbə qazandıq.

- Şəxsi həyatınızı demirik, karyeranızda bu gün qədər sevincli gün olmuşdu?
- Bir söz deyim ki, Londonda başlayan Paraolimpiya oyunlarında bizim, idmançımız, cüdoçumuz Ramil qızıl medal qazanıb. Bu, bu gün 2-ci sevincimdir. O, “Neftçi” İdman-Sağlamlıq Mərkəzini təmsilçisidir. Allaha qurban olun, bu gün mənim günüm idi.

Mehman SÜLEYMANOV
Nikosiya