APOEL-in baş məşqçisi “Neftçi”ni kənara qoyub, istefadan danışdı
31.08.2012 - 10:34
APOEL-in baş məşqçisi “Neftçi”ni kənara qoyub, istefadan danışdı
“Məğlubiyyətin günahkarı mənəm. Futbolçularımın heç bir günahı yoxdur. Komandamız “Neftçi”yə uduzursa, deməli, mən onları yaxşı hazırlamamışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kiprin APOEL klubunun baş məşqçisi İvan Yovanoviç deyib.

Serbiyalı mütəxəssis Avropa Liqasının IV təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunundakı 1:3 hesablı məğlubiyyətin məsuliyyətini üzərinə götürərək, yetirmələrini müdafiə edib.

Yovanoviç mətbuat konfransında “Neftçi”ni kənara qoyub, istefasından danışıb: “Mən hamının ümidlərini məhv etdim. Hamı komandamızı Avropada görürdü. Amma mən oyun zamanı gördüm ki, azarkeşlər futbolçularımı fitə basırdılar. Onlarla işiniz olmasın. Günahkar özüməm. Futbolda hər şey olur. Bəlkə də APOEL-də mənim sonum çatıb. Kimsə getməyimi istəyirsə, 5 illik fəaliyyətimə son qoya bilərəm. İndi rəhbərlik qərar verəcək. Mənə inanırsınızsa qalım”.