Qorxunc və münasib qrup
31.08.2012 - 12:04
Qorxunc və münasib qrup
Bu gün Monakoda Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının xəbərinə görə, qrup mərhələsində ilk təmsilçimiz olan “Neftçi” klubunun da rəqibləri müəyyənləşəcək.

Nəzərə alsaq ki, “ağ-qaralar” sonuncu səbətdə yer alıb, demək bizim üçün bütün rəqiblərin hamısı təhlükəlidir. Buna baxmayaraq, münasib rəqiblərlə eyni qrupa düşəcəyimiz halda, qənaətbəxş nəticə qazanmaq mümkündür. Bunu nəzərə alan “apasport” “Neftçi” üçün ən arzuolunmaz və ən münasib qrupu müəyyənləşdirməyə çalışıb.

Arzuolunmaz qrup

Birinci səbətdəki bütün komandalar flaqman üçün çox güclüdür. Hətta elələri var ki, adamın canına vahimə salır. İtaliya “İnteri” bu sarıdan birinci gəlir.

İkinci səbətdə bir neçə komanda var ki, onların gücünü bərabər qiymətləndirmək olar. Bunlar “Napoli” “Udineze” və “Atletik”dir. Bu komandalardan heç birinin “Neftçi” rəqib olmasını istəməzdik. Avroliqanın ötən ilki finalçısı bu “üçlük”də daha qorxunc görünür.

“Neftçi” 3-cü səbətdəki rəqiblərlə mübarizə apara bilər. Lakin onların da sırasında kifayət qədər güclü komandalar var: “Latsio” və “Nyukasl”. İngiltərə təmsilçisinin çox sürətli futbol oynamadığını nəzər alsaq, bu komanda ilə eyni qrupa düşməyimiz yaxşı olmazdı.

Münasib qrup

Yuxarıda da qeyd etdiyimiz kimi, 1-ci səbətdə bütün komandalar çox güclüdürlər. Amma “Tvente” onların arasında ən zəifidi. Üstəlik, hollandlar bizə yaxşı tanışdı. 2009-cu ildə Avroliqanın pley-off mərhələsində “Qarabağ” bu klubla qarşılaşıb və bu rəqiblə mübarizə aparmağın mümkün olduğunu isbatlayıb.

İkinci səbətdə “Hapoel”i daha münasib rəqib kimi qiymətləndirə bilərik. Bu, həm də “Neftçi”nin İsrail təmsilçisinin adaşından aldığı acı məğlubiyyətin qisasını almaq üçün əla şans ola bilər.

“Styaua” 3-cü səbətdən bizə rəqib ola biləcək komandalardan ən arzuolunanıdır, həmçinin rumınlar son vaxtlar avrokuboklarda elədə uğurlu çıxış etmirlər.

İlkin ABBASOV