“Neftçi” 10 milyon avro qazana bilər
31.08.2012 - 13:35
“Neftçi” 10 milyon avro qazana bilər
APOEL-ə qalib gəlməklə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi” ölkəmizi avrokuboklarda təmsil edəcək ilk komanda olmaqla tarix yazdı. Bu qələbə paytaxt klubunu maliyyə cəhətdən kifayət qədər irəli salacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz qrup mərhələsinə düşdüyü üçün UEFA-dan 1,3 milyon avro mükafat alacaq. Amma “Neftçi”nin qazancı bunun ilə yekunlaşmaya da bilər.

Belə ki, qitə futbol qurumu hər qələbəyə klublara 200 min, hec-hecyə görə isə 100 min avro pul verəcək.

1/16 finala mərhələsinə vəsiqə qazanmış komanda daha 200 min, 1/8 finala – 350 min, 1/4 finala – 450 min avro irəli düşəcək. Yarımfinalda oynayacaq komandalar bir milyon avro əldə edəcək.

Finalda məğlub olmuş komanda 2,5 milyon, çempion isə 5 milyon avro qazanacaq.

Beləliklə, artıq büdcəsinə 1,3 milyon avro əlavə edən “Neftçi” bu məbləği 10 milyonadək artıra bilər.