“Neftçi” hava limanında böyük çoşqu ilə qarşılandı
31.08.2012 - 15:23
“Neftçi” hava limanında böyük çoşqu ilə qarşılandı
Avroliqanın qrup mərhələsinə düşən “Neftçi” bu gün Vətənə dönüb. Apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşının məlumatına görə, turnirin son təsnifat mərhələsində APOEL-ə səfərdə 3:1 hesabı ilə qalib gəlməklə qrupa vəsiqə qazanan təmsilçimiz bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 12:00-da) Larnakadan çarter reysi ilə Bakıya üz tutub. 2 saat 20 dəqiqəlik yolu qət edən nümayəndə heyəti saat 14:20-da Heydər Əliyev Beynəlxalq Aeroportuna endi.

Orada bizləri təxminən 1000 azarkeş gözləyirdi. Onlar milli musiqinin sədaları altında böyük coşğu ilə tarix yazanları qəhrəman kimi qarşıladılar, onların şərəfinə müxtəlif şüarlar səsləndirdilər, bir sözlə, hava limanında əsl bayram ab-havası yaratdılar. Çempionu dövrəyə alan azarkeşlərdən əksəri futbolçularla şəkil çəkdirdilər. Sonda “Neftçi” avtobusu ilə Heydər Əliyevin abidəsini ziyarət etməyə yollandı. Komanda mərhum prezidentin abidəsi qarşısına əklil qoyaraq, ona ehtiramını bildirdi.

Mehman SÜLEYMANOV