Bakı indiyədək belə klub görməyib...
31.08.2012 - 17:05
Bakı indiyədək belə klub görməyib...
Avropa Liqasının qrup mərhələsində “Neftçi” ilə H qrupunda mübarizə aparacaq “İnter” (İtaliya) dünya futboluna bəxş etdikləri sistemlə tanınır. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi müdafiə futbolunun təcəssümü olan “katenaçço”nun yaradıcılarıdır.

Ötən əsrin 60-cı illərində argentinalı Elenio Erreranın komandasına gətirdiyi qapalı müdafiə sistemi sonradan bütün İtaliyaya yayıldı. Həm “İnter”, həm də italiyalılar məhz bu sistemlə çox uğurlar qazanıblar.

Milanlıların beynəlxalq arenada tanınması da məhz həmin dövrə təsadüf edib. Tarixində 18 çempionluq, 7 kubok və 5 Superkuboku olan “İnter” avrokuboklarda da uğurları ilə öyünə bilər.

1963/64, 1964/65 və 2009/10 mövsümlərində Çempionlar Liqasını (ilk 2-si Çempionlar kuboku adlanırdı) qazanan “neradzurra” 1966/67 və 1971/72-ci illərdə yalnız finalda uduzub. 1990/91, 1993/94, 1997/98 mövsümlərində UEFA kubokunu qazanan, 1996/97-də finalında uduzan milanlılar 2009/10 mövsümündə Superkuboku əldən veriblər.

Ümumiyyətlə, 2010-cu il “göy-qaralar” üçün qızılla əlamətdar olub. Ölkə çempionluğu, ölkə kuboku, Superkuboku, Çempionlar Liqası əfsanəvi Joze Mourinyonun başçılığı ilə qazanıldı. 1964, 1965-ci illərdə Qitələrarası kubokun sahibi olan “İnter” 2 il əvvəl klublararası dünya çempionatında da zəfər çaldı.

Lakin portuqaliyalının gedişindən sonra klubda eniş başlandı. Düzdür, sonuncu qeyd etdiyimiz dünya çempionluğu, 2010/11 mövsümündə ölkə kuboku əldə olundu. Lakin 2 ildə 4 baş məşqçinin qovulması uğursuzluqdan xəbər verir. Hazırda isə komandanı Andrea Stramaççoni çalışdırır.

Massimo Morattinin prezidenti olduğu klubda əvvəlki kimi məşhur simalar o qədər də çox deyil. Düzdür, Uesli Sneyder, Xavyer Zanetti, Deyan Stankoviç, Esteban Kambiaso, Dieqo Milito və Antonio Kassano kimi tanınmış simalar var. Lakin onlar nə qədər ulduz olsa da, əfsanələrdən sayılmır.

Qeyd edək ki, tam adı “İnternasionale” olan komanda 1908-ci ildə yaradılıb. 104 yaşlı komanda ev oyunlarını 80018 tamaşaçı tutumuna malik məşhur “Cüzeppe Meattsa” stadionunda keçirir.