Mahmud Qurbanov sabiq klubuna yeni ad qoydu - MÜSAHİBƏ
31.08.2012 - 23:03
Mahmud Qurbanov sabiq klubuna yeni ad qoydu - MÜSAHİBƏ
“Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- “Neftçi” Azərbaycan futbolu tarixində yeni səhifə yazdı. Sabiq komandanızın bu uğurunu necə dəyərləndirirsiz?
- Əlbəttə, çox sevinirəm. “Neftçi”nin rəhbərliyini, futbolçularını bu uğur münasibəti ilə təbrik edirəm. Qrup mərhələsinə vəsiqə qazanmağı bacaran yeganə klubumuzdur. Onlar bu yolda qaranquşumuz oldu, davamının gəlməsini arzulayıram.

- Son çempiondan bu uğuru gözləyirdinizmi?
- Gözləyirdim. Hələ Bakıdakı oyundan əvvəl çoxları APOEL-in Çempionlar Liqasının ¼ finalına qədər irəliləməsindən, Madrid “Real”ına qol vurmasından danışırdı. Bu gün futbolu adlar oynamır. Oyun günü futbolçunun durumundan çox şey asılıdır. Qələbədən də hiss olunur ki, “Neftçi” daha istəkli idi.

- Amma qrup mərhələsində kifayət qədər güclü komandalar yer alıb.
- Bunun elə də əhəmiyyəti yoxdur. Ümumiyyətlə, avrokuboklarda asan rəqib olmur. Əsas ilk addımı atmaq idi. “Neftçi” bunu bacardı.

- “Kəpəz”də vəziyyət necədir?
- Gündə iki dəfə məşq edirik. Transfer məsələsi isə hələ qalıb. Hələlik Bəxtiyar Soltanovla Timur İsrafilovu heyətə cəlb etmişik. 1-2 nəfər də gələ bilər. İndiki məqamda normal oyunçu tapmaq çətindir. Çünki hamısının klublarla müqaviləsi var. Gec də olsa, böhrandan çıxmağa çalışırıq.

- Əsasən hansı mövqeni gücləndirmək istəyirsiz?
- Yarımmüdafiənin mərkəzini və müdafiəni.

- Hazırkı heyətlə nəyəsə ümid etmək olar?
- Bildiyiniz kimi, bu heyəti mən yığmamışam. Olanlarla nə isə etməyə çalışırıq. Komandada potensiallı, istəkli futbolçular var. Onlara şans verəcəyik. Çünki istəklidirlər.

- Təxminən 20 günlük fasiləni necə dəyərləndirməyi düşünürsüz?
- Hazırda fiziki planda çalışmalara üstünlük veririk. Fasilə zamanı eyni zamanda 1-2 yoldaşlıq oyunu da keçirmək planımıza daxildir.

- Mövsümlərarası fasilədə “Kəpəz” yoldaşlıq oyunları keçirmək üçün Gürcüstana üz tutmuşdu. Yenə belə planınız varmı?
- Bir ara getmək haqda düşündük. Çünki yoldaşlıq oyunu keçirmək vacibdir. Fikirləşdim ki, Rustaviyə gedib, Gürcüstan komandaları ilə oynamaq olar. Vaxtımız da çoxdur. Lakin sonradan dəyişiklik etdik. Çünki klublarımızın əksəriyyəti burdadır. Onlarla da oynamaq mümkündür. Danışacağıq, 1-2 oyun keçirəcəyik. Sparrinq-rəqiblərdən biri “Turan” ola bilər.

- Hazırkı durumda “Kəpəz”in autsayder imicindən qurtulması bir qədər çətindir...
- Çalışır ki, xallar toplayaq və bir qədər irəliləyək. Çətin olsa da, öhdəsindən gəlmək istəyirik.

- Baş məşqçi kimi ilk cəhddə Premyer Liqa klubunda çalışmağınız bir mənalı qarşılanmadı. Üstəlik, Gəncə kimi şəhərdə. Özünüzü doğma məkanda necə hiss edirsiz?
- Tək Gəncədə deyil, ümumiyyətlə hər yerdə işləmək çətindir. Gec-tez işləməli idim. Təcrübə məsələsində hardasa razılaşıram. Amma futbolçu kimi topladıqlarım bu gün köməyimə çatır.

- Əvvəllər Azərbaycanın ən yaxşı futbolçularının əksəriyyəti Gəncənin yetirmələri idi. Amma bu gün Gəncədə yeni nəsil yetişmir. Bunun səbəbini nədə görürsüz?
- 3-4 il əvvəl Gəncədə futbol yox idi. Təbii ki, bu da təsirsiz ötüşmədi. Onda futbola maraq azalmışdı. Bu gün həm əvəzedicilərimizdə, həm də “Tərəqqi”də potensiallı uşaqlar var. 1-2 ilə yaxşı futbolçular yetişəcək. Püxtələşib, xeyir verəcəklərini düşünürəm. Gəncə hər zaman öz yetirmələri ilə öyünüb.