Tərlan Əhmədov: İndi Avropada ad çıxarmaq lazımdı - MÜSAHİBƏ
31.08.2012 - 23:05
Tərlan Əhmədov: İndi Avropada ad çıxarmaq lazımdı - MÜSAHİBƏ
“Neftçi” klubunun məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Avropa Liqasının püşkü atıldı. “Neftçi”nin yer aldığı qrupu necə dəyərləndirirsiz?
- Hamı yaxşı komandalarla düşmək istəyirdi. Qrup mərhələsində hər bir komandaya qarşı oynamaq, mübarizə aparmaq lazımdır. Bu mərhələyə adlamağımız tarixi hadisədir. “İnter”, “Rubin”, “Partizan” kimi komandaların Azərbaycana gəlməsi futbolumuzun inkişafıdır. Hər bir komandaya qarşı oynamaq olar. “Zestafoni” ilə oyundan sonra demişdim ki, son illərin ən yaxşı “Neftçi”sini görəcəksiz. Bu gün dediyim söz öz həqiqiliyini ortaya qoydu.

- “Neftçi”nin daha asan qrupa düşə biləcəyi deyilir. Halbuki bu mərhələdə ən zəif rəqib bizik. Belədə asan qrup axtarmaq nə dərəcədə düzgündür?
- Ola bilər, təcrübəmiz olmasın. Zəif rəqib yoxdur. “Neftçi”də bu mərhələyə yüksəlmək üçün yol qət edib. Biz də sözümüzü demişik və bundan sonra da deyəcəyik. Yəni biz də asan yeniləcək komanda deyilik.

- Rəqiblərimizi gücünə görə necə xarakterizə edə bilərsiz?
- “İnter” qrupun ən güclüsüdür. Futbol ölkəsi kimi tanınan İtaliya çempionatının hər zaman favoritidir. Onlar Çempionlar Liqasının qalibi olublar. “Partizan” və “Rubin” də özlərinə görə futbol oynayırlar. İndiki məqamda kimisə güclü və ya zəif adlandırmaq düzgün olmazdı. Oyunlar zamanı bunu müəyyənləşdirəcəyik.

- “Neftçi”nin ifasında nəyə ümid etmək olar?
- Elə mərhələdəyik ki, geriyə yol yoxdur. APOEL zəfərini artıq unutmalıyıq. Bu gün xalqımız qrup mərhələsinə düşməyimizi bayram edir. Onlar bu sevinci yaşamağa layiqdirlər. İndi Avropada ad çıxarmaq lazımdır. Qrup mərhələsinə adladıqdan sonra xarici ölkələrin mətbuatı bizdən bəhs edir. “Neftçi” gözəl oyun nümayiş etdirməlidir.

- Həm Premyer Liqada, həm də Avropa Liqasında oynamaq üçün “Neftçi”nin gücü yetəcəkmi?
- Biz hər iki cəbhədə mübarizə aparacağıq. Çempionat ayrı, Avropa Liqası ayrı yarışdır. Gələn mövsümlə də bağlı planlarımız var. Yəni yenidən qitəmiqyaslı yarışlarda oynamaq istəyiriksə, çempionatda da uğurlu çıxış etməliyik. Ola bilsin bəzi oyunlar zamanı sıxlıq yaransa, Premyer Liqadakı matçımız təxirə salınsın. Amma biz hər iki sahədə oynayacağıq.

- Heyəti necə, yetərli sayırsınızmı?
- Heyət yetərlidir. Komanda artıq püxtələşib, anlaşma qaydasındadır. Xətlərarası əlaqə yerinə düşüb. Qışa qədər yeni futbolçuya ehtiyac yoxdur.