Mahir Şükürov: Bizə düşmən kimi baxırdılar
31.08.2012 - 23:10
Mahir Şükürov: Bizə düşmən kimi baxırdılar
“Neftçi” klubunun futbolçusu Mahir Şükürov Avropa Liqasının IV təsnifat mərhələsində Kiprdə APOEL üzərində qazanılan 3:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- Avroliqanın qrup mərhələsinə vəsiqə verən APOEL-lə tarixi qələbədən sonra hansı hissləri keçirirsiniz?
- Bu günü çox səbirsizliklə gözləyirdik. Qələbədə klubumuzun prezidenti Sadıq Sadıqov başda olmaqla, hamının əməyi vardı. Ola bilərdi ki, uduzardıq. Ancaq Allaha şükür ki, qalib gəldik. İndi yuxudayıq, Bakıda ayılacağıq.

- Bu, hava limanındakı ab-hava ilə bağlıdır...
- Oyundan sonra zəng vurub dedilər ki, azarkeşlər Bakı küçələrinə axışıblar, qələbəni bayram edirlər.

- Belə ab-havaya Türkiyə komandaları beynəlxalq miqyasda uğur qazananda şahid olmuşuq. Eyni zamanda həsrətlə arzulamışıq ki, bir gün öz komandalarımız da Avropada uğur qazanıb, belə şadyanalıq edək...
- Düzdür. O vaxt bizim yaşımız az idi və belə şeyləri görəndə, sevinirdik. Ancaq indi bu sevinc bizə də nəsib oldu, tarix yazdıq. Ona görə də həm “Neftçi”, həm də Azərbaycan futbolu üçün sevindirici haldır.

- Oyun çox gərgin atmosferdə keçdi. Ümumiyyətlə, karyeranda belə ab-havada oynamısınız?
- Düzdür, oynasam da, belə gərginlikdə, çılğın azarkeş kütləsi qarşısında olmayıb.

- Özü də siz cinahda oynayırsınız ki, bu da tribunalara yaxın olduğundan, daha çətindir...
- Elədir. Oyunda həqiqətən çox ajiotaj vardı. Pis çıxmasın, elə bil düşmənləri idik, bizə düşmən kimi baxırdılar. Aqressivləşmişdilər, bizi söyürdülər, fitə basırdılar. Elə bil ki, bizimlə onlar arasında müharibə var.

- Sanki Ermənistanda oynayırdıq...
- Razıyam. Ancaq buna baxmayaraq, özümüzə inandıq. Futbolçular sağ olsunlar, hamısı çalışıb, qələbə qazandıq.

- Səfərdə 3 qol vurub, qalib gəlmək asan deyil. Sizcə, bu qələbədə həlledici nə oldu?
- Çoxları bizə inanmırdı. Deyirdilər ki, APOEL Bakıda böyük hesabla qələbə qazanacaq. Ancaq buna rəğmən, evdə 1:1 hesabı ilə oynadıq. Düşünürdülər ki, səfərdə qalib gələ bilməyəcəyik. Biz bütün komanda şəklində öz gücümüzü göstərdik və fürsətlərimizi maksimum dəyərləndirdik.

- Son vaxtlar karyeranızda eniş idi, yay fasiləsində uzun müddət özünüzə klub tapa bilmədiniz. Ancaq taleyinizdən razı olmalısınız ki, sizə “Neftçi”yə keçəndən sonra qısa zamanda bu qələbənin iştirakçılarından biri olaraq tarixə düşmək qismət oldu...
- Həmişə demişəm ki, Allah adamıyam. Deyirlər ki, Allah-təala həmişə sevdiyi bəndəsini sınağa çəkir, ancaq darda qoymur, həmişə ona yol açır. Buna görə Allahıma qurban olum. Qəlbim təmizdir. Sadəcə, barəmdə, həyatımda olmayan şeyləri deyirlər.

- Qrup mərhələsində bizi çətin sınaq gözləyir. Televiziyada oyununuz izlədiyiniz İtaliyanın “İnter” klubu Bakıya gələcək...
- Əgər “Neftçi” bugünkü gündə güclü komandanı Bakıya gətirirsə, bunun özü böyük bir şeydir və sevindirici haldır. Bizim üçün də yaxşıdır. Çünki belə matçlarda oynamağımız özümüz üçün xeyirlidir. Gənclərimiz var ki, onlar gələcəkdə adan olmaq üçün bu oyunlarda iştirak etməlidir.

- Bu heyətlə bizə çətin olmayacaq ki?
- İnşallah, yaxşı olar. Komandamıza inanıram.

- Sözsüz ki, bu qələbədən sonra millinin düşərgəsinə yüksək əhval-ruhiyyədə yollanacaqsınız. Özü də hazırda “Neftçi”nin millidə yeganə təmsilçisiniz...
- Millinin ilk rəsmi oyunlarına çağırılmağım sevindirici, orada komandanın yeganə təmsilçisi olmağım özüm üçün qürurverici haldır. Həm də motivasiyam çox yüksəkdir və milliyə yaxşı-əhval ruhiyyədə gedirəm.

- Bu uğurun davamının sentyabrın 7-də İsraillə Bakıdakı oyundan gələcəyini gözləyirsiniz?
- İnşallah, biz bunu gözləyirik. Azarkeşlərimizi də həmin oyunda gəlib, bizə dəstəkləmələrini istəyirik. Mən inanıram ki, “Neftçi”nin bu qələbəsindən sonra azarkeşlərimiz də çoxalacaq. Kiprdəki uğuru yığmanın İsraillə oyununda da təkrarlamaq istəyirik.

Mehman SÜLEYMANOV