“Rubin” - 76 yaşlı, 120 milyon dollarlıq komanda!
31.08.2012 - 23:14
“Rubin” - 76 yaşlı, 120 milyon dollarlıq komanda!
Avropa Liqasının qrup mərhələsində debüt edəcək “Neftçi”nin rəqibləri arasında Rusiyanın “Rubin” klubu Avropada kifayət qədər özünə xas futbolu ilə seçilir. Apasport.az saytının məlumatına görə, Tatarıstan paytaxtı Kazanı təmsil edən komanda 1936-cı ildə Qorbunov adına zavodun bazasında yaradılıb.

“Rubin”in avrokubokda ən böyük uğuru 2009/2010 mövsümündə qeyd alınıb. Həmin ildə Çempionlar Liqasının qrup mərhələsində oynayan rəqib 3-cü yerin sahibi kimi çıxışını Avropa Liqasında davam etdirib. Onlar burada 1/8 finala kimi irəliləyib.

Klubu 2001-ci ilin avqustundan tanınmış mütəxəssis, həmçinin vitse-prezident funksiyasını daşıyan Kurban Berdiyev çalışdırır. Valeri Sorokinin isə prezidenti olduğu “Rubin” ev oyunlarını 26 min 920 nəfərlik Kazandakı Mərkəzi stadionunda keçirir. 76 yaşlı rəqibimiz ilk ölkə çempionluğuna 2008-ci ildə sahib olub.

Belə ki, hazırda UEFA reytinqində 45-ci olan rəqibimiz 2 dəfə (2008, 2009) Rusiya çempionatının qızıl, 2 dəfə bürünc (2003, 2010) medalını qazanıb. Ölkə kubokunun son qalibi olan kazanlılar 2008/2009 mövsümündə finalda büdrəyib. Onlar, həmçinin Rusiya Superkubokunun 3 dəfə həlledici oyununda iştirak hüququ qazansalar da, yalnız bunun 2-də (2010, 2012) qalib gəliblər (2009-da uduzublar).

2010-cu ildə “Birlik Kuboku”nun da “qızıl”ını medal kolleksiyasına əlavə edən “Rubin” 2005 və 2006-cı illərdə “Manqa kuboku”, 2012-ci ildə “Marbella kuboku”na yiyələnib.

Komandada ən çox oyun keçirən futbolçu Valeri Martınov (393, 1977-1995), bombardir Vladimir Qavrilov (85 qol), bir mövsümdə ən çox vuran futbolçu Andrey Knyazevdir (30 qol, 1997).

Rəngləri tünd qırmızı və yaşıl olan “Rubin”in qeyri-rəsmi mənbələrə əsasən 2011-ci ildə büdcələri 120 milyon ABŞ dollarına yaxın olub.