“Neftçi”, “Partizan” və “İnter”in yalnız kağız üzərində şansları fərqlidir”
31.08.2012 - 18:25
“Neftçi”, “Partizan” və “İnter”in yalnız kağız üzərində şansları fərqlidir”
“Püşk adi bir taledir. Rəqiblərimiz ciddi komandalardır və biz onlarla oyunlara yaxşı hazırlaşmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunun kapitanı Roman Şaronov deyib.

Təcrübəli futbolçu bu gün Monakoda atılan Avropa Liqasının püşkatmasına münasibət bildirib.

Şaronovun sözlərinə görə, “Neftçi” (Azərbaycan), “Partizan” (Serbiya) və “İnter”lə (İtaliya) yer aldıqları H qrupunda yalnız kağız üzərində şanslar fərqlidir: “Bu elə bizim özümüzə də aiddir, amma hər şey meydanda həll olunacaq. Hər oyuna ayrıca hazırlaşacağıq. Bizim çox təcrübəli məşqçilər korpusu var, onlar rəqiblərimizi lazımınca təhlil edəcəklər, biz isə meydan məşqçilərimizin tapşırıqlarını yerinə yetirəcəyik. Ona görə də, püşkü pis və yaxşı dəyərləndirmək olmaz. Şəxsən mən “İnter” kimi tanınmış komandanın bizim ilə eyni qrupa düşməsinə çox şadam”.