David Odikadze: “İnter” mənim karyeramda çox önəmli yer tutur
01.09.2012 - 12:34
David Odikadze: “İnter” mənim karyeramda çox önəmli yer tutur
Gürcüstanda təlim-məşq toplanışında olan “İnter” hazırlıq zamanı sürprizlə üzləşib. Apasport.az saytının məlumatına görə, 2009-2011-ci illərdə “bankirlər”in şərəfini qorumuş gürcüstanlı yarımmüdafiəçi David Odikadze komandamının məşqinə baş çəkib. Uzun zaman görmədiyi sabiq komanda yoldaşları ilə görüşən David, daha sonra klubun baş məşqçisi Kaxaber Sxadadze ilə söhbət edib.

Hazırda “Çixura Saçxere” klubunun formasını geyinən Odikadze Bakı təmsilçisinin rəsmi saytına verdiyi açıqlamasında bildirib ki, “İnter” onun karyerasında xüsusi yer tutur: “Uzun müddət “İnter”də birgə oynadığım komanda yoldaşlarımı görməmişəm. Məhz bu səbəbə görə məşqə gəldim və uşaqlarla yenidən görüşdüm. “İnter” mənim karyeramda çox önəmli yer tutur, bu komandanın heyətində mən Azərbaycan çempionu və “Birlik Kuboku”nun qalibi olmuşam. Bu komandada unudulmaz illər keçirmişəm. “İnter”dən ayrılsam da, bu klubun mənim ürəyimdə xüsusi yeri var”.

O bildirib ki, “bankirlər” bu mövsüm üçün yığdığı heyət çox güclüdür: “Boş vaxtım olanda onların oyunlarını internet vasitəsi ilə izləyirəm, hazırkı komandanın çox böyük potensialı var. Zənnimcə, “İnter” bu mövsüm çempionluq uğrunda mübarizə aparacaq. Çempionluq yolunda doğma komandama uğurlar arzulayıram”.