“Mən onların başını aşağı etmək istəmədim” - MÜSAHİBƏ
02.09.2012 - 10:19
“Mən onların başını aşağı etmək istəmədim” - MÜSAHİBƏ
Avroliqada qrupa vəsiqə qazanan “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi

- Kiprin APOEL klubu üzərində qazandığı qələbəni necə dəyərləndirərdiniz?
- Çətin oyun oldu. Buna baxmayaraq, komandamız yaxşı oyun göstərdi. Sözün açığı, hesabın belə olacağını da gözləmirdik. Komandamın əziyyətini yerə vurmaq istəmərəm. Çünki biz çox əziyyət çəkmişik. Allah da bunun bəhrəsini verdi. Yaxşı oynadıq, komandamızın oyunu çox xoşuma gəldi. Ən əsas da odur ki, qol imkanlarımızdan istifadə etdik və Bakıya qələbə ilə qayıtdıq.

- İlk qolu necə xatırlayırsınız?
- Həmin epizodda vurduğum zərbədən sonra top qapıya gedirdi. Ancaq ona son toxunan Rəşad Sadiqov oldu. O, topa qapı xəttində olarkən zərbə vurdu. Rəşad toxunmasa da, qol idi. İstərdim ki, qol müəllifi olum.

- UEFA qolun müəllifi kimi sizi göstərib...
- Qolun kimin adına yazılmağının fərqi yoxdur. Hər şey ola bilər. Əsas məsələ qolu vurmağımızdır.

- Bu il şəxsən sizin üçün uğurlu alınır. Həm gənclər yığmasının, həm də “Neftçi”nin heyətində beynəlxalq arenada qollar vurursunuz. Uğurlu çıxışı nə ilə əlaqələndirsiniz?
- Səbəbini onda görürəm ki, mən çox əziyyət çəkdim. Mənim də arxamda “Neftçi”nin rəhbərliyi, məşqçilər korpusu durdu. Onlar mənə həmişə dəstək verdilər. Mən də istəmədim ki, onların başını aşağı edim və bunun üçün bacardığım qədər çalışdım. Həmişə istəmişəm ki, başlarını uca edim, mənə inamlarını daha da yüksəldim. Allah da həmişə insanın əziyyətinin bəhrəsini verir.

- Qollarının davamının qrup mərhələsində gəlməyi sizi daha da qabağa apara bilər. Hər halda, Avropanın tanınmış klubları ilə oyunlarda özünüzü göstərib, menecerlərin diqqətini cəlb edə bilərsiniz...
- İnşallah. Mənim arzumdur ki, Avropaya çıxım. Əlbəttə, “Neftçi”ni sevirəm, o, doğma komandamdır. Ancaq gələcəkdə karyera haqda fikirləşərək, Avropada oynamaq istərdim. Bunu klub rəhbərliyi, məşqçilər korpusu da başa düşür ki, karyera qurmaq üçün Avropaya çıxmaq lazımdır. İnanıram ki, Avropanın yaxşı bir klubu məni istəsə, prezidentimiz keçidimə imkan yaradar.

- Ümumiyyətlə, xarici klublardan sizə maraq, konkret təklif varmı?
- Mənim təkliflərdən xəbərim yoxdur. Bunu rəhbərlik bilir. Sadəcə, qulağıma gəlib çatıb ki, filan komandalar məni istəyir. Bəzən elə olub ki, mənim özümlə əlaqə saxlayıblar. Ancaq mən onlara dedim ki, bu, uşaq futbol deyil ki... Peşəkar futbolda heç vaxt belə şey olmamalıdır. Futbolçuya maraq varsa, onu istəyirsənsə, kluba rəsmi təklif göndərməlisən. Buna görə də mənimlə əlaqə saxlayanların hamısına başa saldım ki, klub prezidentimiz, menecerimiz var. Mənimlə yox, onlarla danışmasılınız.

Mehman SÜLEYMANOV