Nazim Süleymanov: Artıq hər il qrupa düşməyə borcluyuq - MÜSAHİBƏ
02.09.2012 - 11:09
Nazim Süleymanov: Artıq hər il qrupa düşməyə borcluyuq - MÜSAHİBƏ
Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanovun apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşına müsahibəsi

- “Neftçi”nin APOEL-lə oyunda qazandığı qələbəyə siz də şahid oldunuz. Özü də futbolçu karyeranıza bu komandada başladığınızdan, sizə doğmadır. Ayağınızı düşərli sayırsınız?
- Mən SSRİ dövründə 8 il “Neftçi”də oynamışam. Düzdür, Azərbaycan belə məsəl var, deyirlər ki, ayağın yüngüldür. Ancaq meydanda komanda oynayırsa, öz gücünü göstərirsə, futbolçular bir-birinə inanırsa, nəticə gəlir. Əgər sən rəqibə oynamağa imkan verməyib, öz oyununu göstərirsənsə, qələbə də olur. Biz hamımız sevinirik ki, futbolumuzda çoxdan gözlənilən bu uğur qazanıldı.

- Nikosiyadakı oyun sizdə necə təəssürat yaratdı? Matç gərgin atmosferdə keçdiyindən, qalib gəlmək çətin idi...
- Tamamilə doğrudur. Özünüz də gördünüz ki, stadionda necə atmosfer vardı. Amma futbolda 90 dəqiqədə yaşıl meydanda görünür ki, kim güclüdür, kim zəif. Zəifliyi o vaxt göstərirsən ki, rəqib güclü olur və sən ona qarşı yaxşı oynamırsan. Ancaq əlbəttə, sən gücünü göstərəndən sonra rəqibi “yıxmalısan”. Komandamız çox yaxşı təsir bağışladı, inamlı oynadı. Bakıdakı oyunda nəticə bizi qane etməsə də, yaxşı oynamışdıq. Bəlkə də bu, yerinə düşdü ki, evdə nəticə belə oldu, səfərdə 3:1 hesabı ilə qalib gəldik. Yəni həyatda nə olursa, yaxşılığa doğru olur.

- Bəlkə də evdə komandamız qalib gəlsəydi, arxayınlaşıb, səfərdə belə xarakter göstərməzdi...
- Bunlar hamısı ehtimallardır. Ancaq fakt odur ki, qalibik və əsas budur.

- Özü də Azərbaycan neçə vaxtdır bunu gözləyirdi...
- Moskva da birdən-birə qurulmayıb. Hər şey dama-dama göl olur. Mən inanıram ki, bu, bizim üçün daha da örnək oldu. Artıq biz hər il Avroliqanın qrup mərhələsinə düşməyə borcluyuq və bunu hər bir klubumuz etməlidir.

- Əvvəllər mərhələ keçmək haqda düşünürdüksə, indi artıq qrupa düşməyi qarşımıza məqsəd qoymalıyıq?
- Mütləq. Bunun davamı da gəlməlidir. İnanırıq ki, bundan sonra hələ böyük işlər var. Qrup mərhələsində daha çox xal yığmaq, reytinqdə daha irəliləmək, gələn il üçün mövqeyini yaxşılaşdırmaq haqda düşünməliyik. Buna nail olmaq bizləri, futbol ictimaiyyətini sevindirəcək.

- Qrup mərhələsində rəqiblərin güclü olmağı “Neftçi”ni çətin sınaq qarşısında qoyacaq. Avrokuboklar təcrübəsi görən mütəxəssis kimi perspektivi necə görürsünüz?
- Şansımız yaxşıdır. Bir də görürsən ki, rəqib zəif olur, ona qarşı zəif oynayırsan. Yaxud əksinə. İndi hamı futbol oynaya bilir. Sadəcə, bunu yaşıl meydanda çox istəmək lazımdır. Kim çox istəyirsə, o da qazanır. İstəməkdən əlavə çalışmaq lazımdır. Bunun ikisini vəhdət edəndə, mütləq qələbə olmalıdır.

- İsrail və Portuqaliya yığması ilə rəsmi oyunlar çağırılan “Neftçi”nin sağ cinah müdafiəçisi Mahir Şükürovun oyununu necə dəyərləndirərdiniz?
- Mən deyərdim ki, onun təcrübəsinin komandaya çox xeyri dəydi və yaxşı da təsir bağışladı. Mahir özünü doğrultdu və göstərdi ki, əbəs yerə milliyə çağırılmayıb. Hələ digər futbolçular da var ki, özlərini yaxşı göstərdilər. Ümumiyyətlə, komanda özü yaxşı təsir bağışladı. Həmçinin də bizim yerli futbolçular.

- Onlar arasında bu il yaxşı formada olan Cavid İmamverdiyevə necə qiymət verərdiniz? Bu gənc yarımmüdafiəçi gələcəkdə milliyə çağırıla bilərmi?
- O, yaxşı futbolçudur və hələ ki 21 yaşlılardan ibarət yığmamızda xidmətindən istifadə olunur. Cavid hazırda yaxşı formadadır və diqqət mərkəzimizdədir. Mən nəinki İmamverdiyev, bütün futbolçuların çıxışı haqda yığmamızın baş məşqçisi Berti Foqtsa məlumat verirəm.

Mehman SÜLEYMANOV