“Hər şey yaxşı oldu, özümü itirmədim ” - MÜSAHİBƏ
02.09.2012 - 12:32
“Hər şey yaxşı oldu, özümü itirmədim ” - MÜSAHİBƏ
Avroliqada qrup mərhələsinin iştirakçısı olacaq “Neftçi”nin futbolçusu Elvin Yunuszadənin apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşına müsahibəsi

- Kiprin APOEL klubuna səfərdə 3:1 hesabı ilə qalib gələrək, tarix yazan komandanın gənc futbolçularından biri hansı hissləri keçirir?
- Sözsüz bu qələbə hər birimiz üçün – gəncindən və təcrübəlisindən asılı olmayaraq, böyük sevincdir. Hamımız dərk edirik ki, bu, tarixdir və onu bizlər yazmışıq. Buna görə də sevincimizin həddi-hüdudu yoxdur.

- Oyunda qırmızı vərəqə aldınız. Buna görə çox məyus olmadınız?
- Heç bir futbolçu istəməz ki, qırmızı vərəqə alıb, komandasını azlıqda qoysun. Ancaq bu, komandaya görə oldusa, ona ziyan vermədisə, məyus deyiləm.

- Qrup mərhələsində 1 oyunu buraxacağınız. “Partizan”la qarşılaşmada oynamayacağınız sizə pis təsir edə bilər...
- Əlbəttə, həmin oyunu buraxmaq istəməzdim. Ancaq mənim fikrimcə, qırmızı almayıb qrupa düşməməkdənsə, bunu alıb düşmək yaxşıdır.

- Ümumiyyətlə, həmin epizodu necə dəyərləndirərdiniz? Bu, bir taktiki qayda pozuntusu idi?
- Orada qəsdən kobudluq yox idi. Sadəcə, sonuncu ümid folu idi.

- Mövqeyinizdə çıxış edəcəyi gözləyən Saşa Yunisoğlu sizi layiqincə əvəzləyə biləcəkmi?
- Əlbəttə. Bizim komandada hər kəsin layiqli əvəzedicisi var. İnşallah, yaxşı olacaq. Mənim yerimə hər kim çıxacaqsa, inanıram ki, layiqli mübarizə aparacaq.

- Gənc futbolçuya belə atmosferdə oynamaq çətin deyil ki?
- Belə deyim ki, bu cür oyunların ritmini yetərincə “tutmuşam”. Buna görə mənə o qədər də çətin olmadı. Oyunun həm atmosfer, həm də digər mənalarda çətin keçəcəyini bilirdim. Ancaq hər şey yaxşı oldu, özümü itirmədim.

- Bunda müdafiənin mərkəzində sizin yanınızda İqor Mitreski kimi təcrübəli futbolçunun oynamağının da böyük rolu var...
- Sözsüz ki, ondan çox faydalanıram. Mitreskinin meydanda olmağı tək mənim yox, bütün komanda üçün müsbət haldır. O, hər barədə komandaya kömək edir və sıralarımızda olmağı yaxşıdır. İqorun təcrübəsi öz sözünü deyir.

- “Neftçi”dən qrup mərhələsində hansı çıxışı gözləyirsiniz?
- Yəqin ki, hamı “Neftçi”nin gücünə bələddir. İnanıram ki, qrupda da öz sözümüzü deyəcəyik.

- “Neftçi”nin əsas heyətində möhkəmlənmisiniz. Yəqin ki, artıq millimizdən dəvət gözləyirsiniz...
- Bunu yığmanın baş məşqçiləri qərar verə bilər. Mən bu haqda bir şey deyə bilmərəm. Ancaq təbii ki, hər bir futbolçu kimi millinin şərəfini qorumaq istəyirəm.

Mehman SÜLEYMANOV