Kamran Ağayev: Əgər məni çox incitsələr...
08.09.2012 - 00:11
Kamran Ağayev: Əgər məni çox incitsələr...
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində İsraillə 1:1 hesablı heç-heçədən sonra millimizin qapıçısı Kamran Ağayev jurnalistlərə müsahibə verib. Apasport.az saytı həmin müsahibəni təqdim edir.

- Hesab sizi qane etdimi?
- Əlbəttə yox. Qələbə qazanmağa çıxmışdıq. Amma nə etmək olar? Alınmadı. Daha yaxşı oynayıb, qələbə qazana bilərdik. Elə özümü misal çəkim: Oyun praktikasından əziyyət çəkirəm. Axırıncı dəfə meydana Bəhreynlə oyunda çıxmışdım. Siz də gördünüz ki, buraxılan qolda mənim günahım var idi.

- Həmin epizodda topu görmədiniz, yoxsa zərbəyə gecikdiniz?
- Görürdüm. Sadəcə, top trayektoriyasını oynadı.

- Buna görə baş məşqçi Berti Foqts sizə irad bildirdimi?
- Xeyr, heç nə demədi.

- Portuqaliya ilə oyunda iştirak edəcəksiniz?
- Bu günün kimin meydana çıxacağı bilinmirdi. Yəni, hər oyunda fərqli heyət çıxa bilər.

- Hazırda yığmada layiqli əvəzləyiciniz yoxdu. Amma oyun praktikasından əziyyət çəkirsiniz. “Xəzər Lənkəran” rəsmiləri deyir ki, biz Kamranı əvəzedici komandaya çağırırıq, amma gəlmir. Bu, doğrudurmu?
- Çağırırlarsa, gedəcəm.

- Yəni karyeranızı Lənkəranda davam etdirəcəksiniz?
- Ya bir il futbolsuz qalacam, ya da Lənkəranda oynayacam. Praktikasız qalmaq istəmirəm. Mənə qoyulan transfer məbləğinə klub saxlamaq olar, o da ki qala futbolçu almağa.

- Bəs siz nə fikirləşirsiniz?
- Əgər çox incitsələr, millinin oyunlarına kömək etdikdən sonra futbolla vidalaşacam. Adam sıxılır. Həm yığma, həm də “Xəzər Lənkəran” üçün elə futbol oynamamışam ki, məni bu qədər incitsinlər.